AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov Sportinfo.az-a müsahibə verib:
- Gəncə futboluna kurator təyin edildiniz. “Kəpəz”lə bağlı nə yeniliklər var?
- İşlərimiz yavaş-yavaş gedir. İstəyirik ki, Gəncə futbolu inkişaf etsin. Çətinlik var, amma bunsuz da olmur. Hazırlıq normal gedir. 10-15 gündür uşaqlar toplanışdadır. Gəncə futbolunda komandadan başqa infrastrukturu da yaratmaq lazımdır. İnfrastruktur demək olar ki, yoxdur.
- AFFA buna görə köməklik göstərəcək?
- Bizi də ona görə bura göndəriblər. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, burada mütləq futbol olmalıdır.
- İcra başçısı ilə də görüşünüz oldu. Nə söhbət oldu, nə haqda danışdınız?
- Hamısı narahatdır, köməklik göstərəcəklər. İcra başçısı da idmanı sevən insandır. Gəncə futbolunu yenidən Azərbaycan futboluna qazandırmaq üçün hər şey edəcəm. Bu, mənim borcumdur. İmkan olsa qaldıracam, amma vəziyyət belə qalsa, mənim sözlərimlə düzələn deyil.
- Verilən sözlərə əməl olunur, yoxsa sakitçilikdir?
- Yavaş-yavaş başlayırıq. Maliyyə tərəfən problemdir. Büdcə də elə böyük deyil. “Kəpəz”dir də, müstəqil azarkeşləri, stadionu, aeroportu, vağzalı var. Burada mütləq komanda olmalıdır, gözəl şəhərdir. Burada olan azarkeşlər heç Bakıda yoxdur. Əvvəllər heç kim bununla maraqlanmayıb. Bura gələn məşqçilərin əksəriyyətinin fikri başqa yerlərdə olub, bu barədə düşünməyib. 63 yaşım var, stadion əvvəl necə idisə elə də qalıb. Paltardəyişmə yerləri biabırçı vəziyyətdədir. O vaxtı burada işləyənlər də bu məsələni qabartmayıblar. Buradakı uşaqlar da bizim balalarımızdır. Əvvəl şərait yaratmaq, sonra nəsə tələb etmək lazımdır.
- Yaşar Vahabzadənin baş məşqçi təyin edilməsi yerli futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Sizcə, Vahabzadə “Kəpəz”ə kömək edə biləcək?
- Vahabzadə olmasın, bəs kim olsun? Yerli futbolçulardan da burada işləyənlər olub. Mehman Allahverdiyev, Yunis Hüseynov işləyib. Baş məşqçi rəhbərlik tərəfdən təyin edilir. İstəyərdim ki, Gəncədən də sponspor çıxsın və yerli uşaqlardan birini baş məşqçi təyin edilsin. Hələlik belədir də, gələcəkdə necə olacağını elə gələcək göstərəcək. Ola bilər ki, Yaşar Vahabzadə də bacarmayacaq, başqasına verildi bu post. Futbolçularla işləməli, komandanı ayağa qaldırmalıyıq. Lakin ilk növbədə uşaqlar üçün şərait olmalıdır. Premyer Liqada klublar varki neçə illər şərait yarada bilmədilər, pulları xərclədilər, vəsaiti "dağıtdılar". Bir stadion, baza da tikmədilər. 2012-ci ildən sonra stadion tikməyə başladılar, bir il sonra da klublar dağıldı. Yaxşı ki, AFFA rəhbərliyi, Rövnəq Abdullayev “Dalğa Arena”nı, “Bakcell Arena”nı, “Bayıl Arena”nı tikdirdi. Bunlar olmasaydı çempionatımız harda keçiriləcəkdi? Neçə il klublara dedim ki, uşaqlar üçün stadion, baza tikmək lazımdır, əcnəbilər bizə hələ lazım deyil. Ancaq başqa istiqamət seçdilər, milyonlarla pullar getdi, ortada da bir şey yoxdur. Klublar özləri də dağıdlı getdi.
- AFFA-nın “Kəpəz”ə ayırdığı büdcə orada istənilən şəraiti yaratmağa imkan verəcək?
- Xeyr, çatmayacaq. Məsələni bir də qaldıracam və xahiş edəcəm ki, maliyyəni bir az da artırsınlar. Çünki bu maliyyə ilə biz heç nə edə bilmərik. Hazırkı maliyyə ancaq futbolçuların qidalanması və gedib-gəlməsinə çatacaq.
- Nə qədər maliyyə ayrılıbki?
- Sabah və ya birigün biləcəm.
- Hər hansı şirkətlə danışıq olur?
- Xeyr, elə bir şey yoxdur.
- “Neftçi”nin avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
- Əslində “Neftçi” pis başlamadı. Fikirləşirdim ki, “Bney Yehuda”nı da keçəcəklər. Sadəcə ustalıq çatmadı. Həm də “Arsenal”la oyundan sonra arxayın çıxdılar ki, “Bney Yehuda”nı da keçəcəklər. Səfərdə də nə baş verdiyini özünüz gördünüz. “Neftçi” və “Qarabağ”la heç nə əldə edə bilmərik. Gərək dörd komandamız da avrokuboklarda uğurlu çıxış etsin. Çempionatda rəqiblər olmalıdır. “Qarabağ” həmin yükü öz üstündə aparır.
- Ramin Musayev saytımıza açıqlamasında bildirib ki, qarşıdakı mövsüm Premyer Liqada klubların sayı 10 olacaq…
- Hə, ola bilər. Bunun üstündə işləyirik. Gəncə futbolu da bunun içində olacaq.
ƏHƏD/Mir BAĞIR

