«Mən əvəzedicilərin çempionatının I Diviziona birləşdirilməsinin əleyhinəyəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi-2»nin baş məşqçisi Mahmud Qurbanov deyib.
Ötən mövsüm "ağ-qaralar"ın əvəzedici komandasına I Divizionun bürünc medalını qazandıran mütəxəssis 2018-ci ilin yayıdan tətbiqinə başlanan ideyanın gənclərin inkişafına əngəl yaratdığını düşünür:
«Bizdə 17-18 yaşlı yaxşı futbolçular var. Onlarla gələcəyə nikbin baxmağa dəyər. Belə uşaqlarla işləmək maraqlıdı.
Hesab edirəm ki, gənc futbolçuların inkişafıyla yanaşı, komandaya nəticə də lazımdır. Bu ikisi bir-biriylə vəhdət təşkil edir.
Mənə elə gəlir ki, əvəzedicilərin çempionatı yenidən ayrıca təşkil olunmalıdır. Mövcud yaş limiti bizə problem yaratmır, sadəcə, Divizionun adı çox ağırdı.
Bəzən elə söz-söhbətlər eşidirsən ki… Hər şeyə şübhəylə yanaşmalı olursan. Bu da istər-istəməz həm məşqçiləri, həm də futbolçuları yorur.
Diviziona təsadüfən «bataqlıq» demirlər. Komandamdakı futbolçuların hər birinin yerinə cavabdehəm – biz təmiz futbol oynayırıq və adımız heç vaxt elə işlərdə hallanmayacaq. Bir sözlə, əvəzedicilərin çempionatı ayrıca keçirilməlidir".

