Mövsümlərarası fasilə geridə qalan “futbol ili”ni təhlil etmək baxımdan ən əlverişli məqamdı.
Məhz ilin bu fəslində futbol ictimaiyyəti yekunları gözdən keçirir, əyər-əskiyə, uğurlara nəzərə salır, növbəti mövsümün planlarını cızır.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyevlə görüşümüzdə də assosiasiyanın bayrağı altında təşkil olunan liqalar və Region Liqası barədə söhbətləşdik.
Öncə müxtəlif yaş qrupları arasında təşkil olunan liqaların yekunları haqda məlumat verərdiz. Geridə qalan mövsümü qənaətbəxş saymaq olar?
- Liqalarda mübarizəyə sentyabrdan start verildi. Əvvəlki illərdən fərqli bu dəfə iştirakçı komandaların sayı bir qədər də artmışdı. Bundan başqa, U-14 liqasının formatında müəyyən dəyişiklik etdik ki, bunun səbəbi var. Bu yaş qrupu artıq peşəkar futbola keçid dövrü sayıldığından, böyük futbolda tətbiq olunan qaydalar əsasında çempionat keçirdik. Futbolumuzun ən yaralı yeri olan “lipa” məsələsində də yaxşı mənada irəliləyiş oldu. Bu işə ciddi yanaşdığımızdan komandalar daha əyri yollara əl atmırlar. Ancaq bu “xəstəliyin” tam aradan qalxdığını da düşünmək olmaz. Cüzi olsa da, bəzən məşqçilər “lipa”dan yararlanmaq istəyiblər. Lakin buna imkan verməmişik.
Belə başa düşmək olar ki, AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupları üzrə liqalarda mövsüm yüksək səviyyədə keçib. Ancaq hər həftə İntizam Komitəsinin iclasında aşağı yaş qrupları üzrə çempionatlarda iştirak edən hansısa komandaya oyuna gəlməməsi səbəbindən texniki məğlubiyyət verildiyini görürdük. Bunu nə ilə izah edərdiz...
- U-15-dən yuxarı yaş qruplarında, demək olar ki, belə hal yaşanmadı. Olubsa da, bu məhz komandanın günahı ucbatından yaşanıb. Məsələn, hansısa kollektiv oyunun başlama saatını səhv saldığından meydana çıxmayıb və haqlı olaraq da cəzalanıb. Səhv etmirəmsə, bir və ya iki dəfə olub.U-14-dən aşağı liqalarda isə 100-dən artıq komanda iştirak edir. Onların da əksəriyyəti bölgələrdə fəaliyyət göstərən müstəqil kollektivlərdi. Bəzən bir komandada iki uşağın xəstələnməsi və ya valideyninin oyuna buraxmaması səbəbindən kollektivdə yetərsəy olmur. Belədə həmin komanda meydana çıxmır və texniki məğlubiyyət verilir. Elə də olub ki, heyətdə “lipa” aşkarlanıb və biz tərəfdən onların meydana çıxmasına icazə verilməyib. Ümumilikdə təqvim üzrə baş tutmalı oyunların 98 faizi keçirilib ki, bu da çox yaxşı nəticədi. Ötən mövsüm müxtəlif yaş qrupları üzrə liqalarda 5 mindən artıq görüş baş tutub. Hər həftə paytaxt və bölgələri də nəzərə alsaq, liqalarda təxminən 250 qarşılaşma keçirilib. Onu da nəzərə alın ki, AFFA, demək olar ki, bütün komandaların nəqliyyat xərcini qarşılayıb, bir çoxlarını inventarla və topla təmin edib. Təşkilatçı kimi bütün qarşılaşmalara hakimlərin gəlişini təmin etmişik. Düzdü, bəzən hardasa bizim də işimizdə nöqsan olub. Ancaq etiraf edək ki, belə kütləvi tədbirin təşkilində xırda çatışmazlıqların yaşanması anlayışla qarşılanmalıdı. Onu da vurğulayım ki, ildən-ilə kütləviliklə yanaşı, peşəkarlıq da artır.
Özünüz də qeyd etdiz ki, mövsümboyu müxtəlif yaş qrupları arasında 100-dən çox kollektiv çempionatda mübarizə aparır. Onların hər birində minimum 10 uşağın olduğunu nəzərə alsaq, hər liqada 1000-dən çox azyaşlının həftəsonu meydana çıxdığını deyə bilərik. Ancaq U-17, U-19-da çalışan məşqçilər futbolçu qıtlığından şikayətlənirlər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Rəhbəri olduğum departament çempionat oyunlarının təşkilinə cavabdehlik daşıyır. Siz məndən soruşsaz ki, hansı bölgədə, filan yaş qrupunda neçə komanda çıxış edir, o sualı cavablaya bilərəm. Ancaq “niyə həmin liqalarda oynayanlar yuxarı yaş qrupuna çıxa bilmirlər” sualına cavab verməkdə çətinlik çəkərəm. Çünki mən məşqçi və ya futboçu yetişdirmək üzrə mütəxəssis deyiləm. Bu işlə məşğul olan məşqçilər var və bu mövzuya da onlar daha dəqiq cavab verə bilərlər.
Siz eyni zamanda Region Liqası üzrə İşçi Qrupun üzvüsüz. Sözügedən liqada artıq ikinci mövsüm geridə qaldı. Ötən mövsümü dəyərləndirərdiz.
- Fikrimcə, AFFA-nın bu layihəsi futbol ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Birinci mövsüm təşkilatı işlərlə bağlı, daha dəqiq desəm, komandaları yeni liqaya cəlb etmək baxımından müəyyən çətinliklərlə üzləşsək də, 2018/19 “futbol ili”nin əvvəlində artıq komandalar özləri bizə müraciət edib Region Liqasında iştirak arzusunda olduqlarını bildirirdilər.
Region Liqasının Əsasnaməsində qalib komandanın birinci divizionda yüksəlməsi ilə bağlı bənd var. Ancaq nə birinci il, nə də indi qalibin aşağı dəstədə iştirak edəcəyi ilə bağlı xəbər var. Sizə elə gəlmir ki, idman prinsiplərinə riayət olunsa, Region Liqasına maraq daha da artar?
- Bu məsələdə bir məqamı unutmaq olmaz. Qalib olmaq birinci mərhələdi. Peşəkar status daşıyan birinci dəstədə çıxış etmək üçün Lisenziya Komissiyasının tələb etdiyi şərtləri yerinə yetirmək lazımdı. Departamentimiz İşçi Qrupda daha çox təşkilatı işlərlə bağlı təmsil olunur. Ona görə də bu sualınıza ətraflı cavab verməkdə çətinlik çəkirəm. Bildiyim odu ki, lisenziyalaşdırmanın tələblərinə cavab vermək lazımdı.
Region Liqası hər iki mövsüm fərqli formatlarda keçdi. Yeni “futbol ili”ndə necə olacaq və çempionatı nə vaxt başlamaq istəyirsiz?
- Liqada oynamaq istəyən komandaların maddi durumunu nəzərə alıb ikinci mövsümdə yeni format tətbiq etdik və etiraf edim ki, bu daha yaxşı oldu, çoxları tərəfindən bəyənildi. Böyük ehtimalla 2019/20 mövsümündə də komandalar regionlar üzrə bölünəcək. Çempionata isə sentyabrın ortalarında start vermək istəyirik.
Ötən mövsüm Naxçıvanı da nəzərə alsaq, 36 komanda mükafatlar uğrunda mübarizə apardı. Bəs bu il komanda sayı neçə olacaq?
- Hələ ki bununla bağlı dəqiq qərar yoxdu. Hər şey müraciətlərdən asılıdı. Artıq bununla bağlı iş başlayıb. Əvvəlki çempionatlarda iştirak edənlərlə yanaşı, yeni kollektivlər də bizə müraciət edir.
Müraciət etmək üçün son tarix müəyyənləşib?
- Bəli, avqustun sonunda artıq bu məsələyə nöqtə qoyulacaq. Ondan sonra yeni komandaları təftişdən keçirəcəyik.
Təftiş dedikdə nəyi nəzərdə tutursuz?
- Onların ev oyunlarını harda keçirəcəyi, fiziki şəxs və ya hansısa qurum tərəfindən maliyyələşdirildiyini öyrənmək vacibdi. Bu proseduru ona görə yerinə yetiririk ki, sabah çempionatın gedişində hansısa problemlə üzləşməyək.
Əsasnamədə qalib komandaya 10 min manat mükafatın veriləcəyi göstərilib. Mükafat fondunda dəyişiklik etməyi düşünmürsüz?
- Hələ ki bununla bağlı söhbət olmayıb.
Bəs ötən mövsümün mükafatçıları mükafatlarına qovuşublar?
- “Uğur” rəhbərliyi bank hesabı ilə bağlı sənədi bizə bu həftənin birinci günü təqdim edib. “Şahdağ” və “Araz Naxçıvan” da lazımi sənədləri bizə verdikdən sonra pulları köçürüləcək. Bu proses müəyyən vaxt aparır.
Ötən mövsümün gedişində Region Liqasında xoşagəlməz olay yaşandı. Yəqin ki, söhbətin nədən getdiyini başa düşdüz...
- “Füzuli” ilə “FK Baku” arasında yaşanan qalmaqalı nəzərdə tutursuz. Hər iki komanda çempionatdan uzaqlaşdırıldı. Bu da onların cəzlanması deməkdi.
Məndə olan məlumata görə, hətta bu işlə bağlı bir neçə futbolçu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub...
- Bu haqda məlumat yoxdu. Araşdırmalar davam edir.
Tutaq ki, “FK Baku” və “Füzuli” yeni mövsümdə Region Liqasında iştirak etmək istədilər, onları çempionata buraxacaqsız?
- Bununla bağlı qərarı komissiya verə bilər.
RƏŞAD

