Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi 4-cü Heydər Əliyev Kubokuna yekun vuruldu.
Final görüşündə MOİK-lə «Şüvəlan» üz-üzə gəldi.
Matç vaxtı ən maraqlı hadisələrdən biri meydandan kənarda yaşandı.
Ordu komandasının baş məşqçisi Azər Bağırov texniki zonanın yaxınlığında dayanmış toplaşıyan uşağı yağışdan qorumağın yolunu tapıb: «Pro» kateqoriyalı çalışdırıcı onu pencəyinin altına çəkib.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı şəkil sosial şəbəkədə böyük ilgi görüb.
Bağırov hamı tərəfindən rəğbətlə qarşılanan bu hərəkətiylə bağlı Sportinfo.az-a danışıb:
«Keçən il Naxçıvana gedəndə çox isti vaxta düşmüşdük. Bu dəfə 5 gün qaldıq, hava sərin və yağışlı keçdi.
Əməlli-başlı soyuq idi. Oyunun gedişində o uşaqla söhbət edirdim, ordan-burdan… Adını soruşdum.
O əsnada gördüm ki, yağış yenə yağmağa başladı, uşaq da üşüyür. Mən də dedim ki, gəl bura görüm.
Çəkdim onu pencəyimin altına ki, həm qızışdırım, həm də yağışdan qoruyum. Oyun gedirdi, amma həmin uşağın qayğısına qalmaq da mənim üçün vacib idi.
Öz uşaqlarım olduğuna görə fikirləşdim ki, o da bir qardaşımın balasıdı. Qiyməti verən Allahdı, biz xırda bəndələrik».

