Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi 4-cü Heydər Əliyev Kubokuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və “Arpaçay” qalib adı uğrunda mübarizə aparıb.
“Arpaçay”a 3:0 hesabı ilə qalib gələn “Araz Naxçıvan” 3-cü yeri təmin edib. Sonuncu oyunda isə “Şüvəlan” və MOİK üz-üzə gəlib.
Çempionluq üçün “Şüvəlan”a 1 xal yetərli idisə, MOİK mütləq qələbə qazanmalı idi.
Lakin “Şüvəlan” işinin öhdəsindən layiqincə gəlib və 1:0 hesabı ilə qalib olaraq kuboku muzeyinə aparıb, MOİK isə ikinci olub.
Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri olub.
Ən yaxşı qapıçı adına “Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görülüb.
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.

