Sportinfo.az xəbər verir ki, Bakıdakı “AzərKitab” Kitab Təbliğat Mərkəzində “100 yaşlı Tovuz futbolu” kitabının təqdimat mərasimi keçirilib.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, AFFA mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və b. iştirak ediblər.
Bu, Azərbaycan futbolunda özünəməxsus yeri, ənənələri olan Tovuz futbol təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də yadda qalan tədbir olub.
Tədbirin aparıcısı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik araşdırmaların məhsulu olaraq qiymətləndirib.
ABAİB prezidenti, millət vəkili, dos.dr.Qənirə Paşayeva vurğulayıb ki, zəngin ənənələri olan Tovuz fitbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib:
"Təsadüfi deyil, UEFA miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuz klubu təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerlər tutub, ilklərə imza atıb.
Əlbəttə, obyektiv, subyektib səbəblərdən bugün Tovuzun futbol komandası öz keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə də, əlaqədar qurum və quruluşların,
AFFA-nın dəstəyi ilə komandanın problemlərinin öz həllini tapacağına inanırırıq. Heç şübhəsiz, keçmiş şöhrətin qaytarılması önəmli dərəcədə, komandanın əzmkar futbolçularından, o cümlədən azarkeşlərdən də asılıdır.
Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir.
Belə bir Akademiyanın məhz Tovuzda yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər; bölgələrin inkişafına töhfə kimi də.
Fürsətdən istifadə edib, artıq 105 yaşı olan Tovuz futbolunun təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bugün də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm can sağlığı, iş avandlığı diləyirəm!”
Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə gerçəkləşməsi barədə ətraflı bilgi verərək, Tovuz Xeyriyyə Cəmiyyətinin kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA-nın mətbuat katibi Feyruz Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, Tovuz futbol təsərrüfatının canlanmasında, uğurlar qazanmasında xüsusi xidmətləri olan iş adamları Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun İcraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi, tanınmış idman veteranı Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Təbrizli futbol azarkeşi, yazar Abbas Səhba, professorlar İradə Hüseynova, Nəsir Əhmədli, kitabın hazırlanmasında yaxından iştirak etmiş naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənov çıxış edərək, ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair konseptual yanaşmalar və o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi ilə bağlı danışıblar.
Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə, başqa bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün daha əlverişli imkanlara meydan açır.
Sonra müəllif oxucular üçün kitab imzalayıb, xatirə şəkilləri çəkilib. “100 yaşlı Tovuz futbolu”nun Tovuzda da təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

