AFFA-nın baş katibi Elxan Məmmədov Gəncə və Tovuza səfər etmişdi.
Sportinfo.az xəbər verir ki, onun bu “reyd”indən sonra "Kəpəz”də hansı dəyişikliklərin baş verəcəyi maraqla gözlənilir.
Qey edək ki, baş katib qərb bölgəsinə səfəri zamanı Tovuz və Gəncə stadionuna baş çəkib. Amma nə "Turan Tovuz”un, nə də "Kəpəz”in gələcək taleyi ilə bağlı konkret qərar var.
Bölgə təmsilçilərinin gələn mövsüm elitada çıxış edib-etməyəcəyi hələ də dəqiqləşməyib. Bu səfərdən sonra “sarı-göylər”də ilk ayrılıq gerçəkləşib.
Belə ki, Məmmədov Gəncədən qayıtdıqdan sonra "Kəpəz”in rəisi Ruslan Nağıyev klubdan ayrılıb.
Komandanın rəisi vəzifəsini daşıyan Nağıyev özü ərizəsini yazıb. Onun yerinə yeni təyinat olmayıb.
Stadionun iki il öncə yenilənən əsas meydanını nəzərdən keçirən baş katib şəhərin ən böyük futbol arenasının tezliklə təmir olumasını arzuladıqlarını dilə gətirib:
“Təbii, biz də istəyərdik ki, stadion təmir olunsun, bərpa edilsin və yaxın gələcəkdə bunun olacağına ümid edirik.
Amma o vaxta qədər dövlətin dəstəyi ilə məşq meydanları inşa olunacaq. Növbəti mövsümdən öncə bu meydanlar fəaliyyətə başlayacaq”.
Məmmədov “Kəpəz”in növbəti mövsümdə premyer-liqaya buraxılması məsəlinə də toxunub: "Kəpəz” üç il öncə Premyer Liqaya yüksəldi və uğurlu nəticə göstərdi.
Hətta avrokuboklarda da ilkin mərhələni adladı. Bu sevindirici haldı. Amma indi nəsə etmək istəsək, təməldən etməliyik. Yəni bütün yaş qruplarında komandaların olmasını nəzərə almalıyıq.
Bu, çox önəmlidi. Biz də istərdik ki, “Kəpəz” premyer-liqada iştirak etsin. Lakin bütün şərtlərə cavab vermək lazımdı ki, sağlam, təməlli klub kimi fəaliyyət göstərsin”.

