«Baş məşqçi məsələsi yalnız mənlik deyil».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun icraçı direktoru Rəşad Kərimov deyib.
I Divizionda mübarizə aparan Arakn təmsilçisi bir neçə həftə əvvəl Rüfət Quliyevlə vidalaşıb. Əyalət klubunda 7 ilə yaxın çalışan mütəxəssis, nəhayət, uğursuz nəticələrdən dolayı iş yeri ilə vidalaşıb.
R.Kərimovun bildirdiyinə görə, komanda mövsümün sonunadək Arif Rizvanovla Zaur Əsədova tapşırılıb:
«Bizim ən böyük problemimiz heyətlə bağlıdı. Çox vaxt meydana buraxmağa futbolçu sayını güclə düzəldirik.
Həmişə çempionatı yaxşı keçirmişik. İlk dəfədi ki, belə vəziyyətlə üzləşirik. Əmin olun, bu da müvəqqətidi.
Yayda komandanı yenidən formalaşdıracağıq. Onadək baş məşqçi məsələsini də həll edəcəyik. Mən buna görə sponsorlarla danışmalıyam.
Onlar kimi məsləhət görsə, onu da gətirəcəyik. «Ağsu» bir də turnir cədvəlinin aşağı pillələrində getməməlidi.
Divizionda öz yeri, titulu olan klubuq. Biz vəziyyəti düzəltmək üçün hər şey edəcəyik. Bundan heç kimin şübhəsi olmasın.
Yenə iddialı olacağıq. Artıq bilirik ki, nə etmək lazımdı. Bu mövsüm bizə yaxşı dərs oldu. Komandamız zəifdi deyə, hərə adımıza bir söz çıxarır.
«Ağsu» heç vaxt başqa işlər görməyib. Nə vaxt ki komandamız güclü idi, hamını udurdu, heç kim «stavka» söhbətini bizə aid etmirdi.
Bizim də qulağımıza çox söz-söhbət çatır. Amma baxırsan ki, fakt yoxdu…
Özümüz də araşdırırıq, görürük ki, heç nə üzə çıxmır. Hər şayiəyə inanmağa dəyməz».

