"Premyer Liqaya buraxılmaq barədə baş katiblə danışmadıq"

15 Aprel 2019 15:48 I Divizion 927
"Premyer Liqaya buraxılmaq barədə baş katiblə danışmadıq"

«Bu görüşlər zamanı Premyer Liqa haqda heç bir söhbətimiz olmadı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

AFFA-nın Baş katibi Elxan Məmmədov bugünlərdə Tovuza səfər edib. Federasiya rəsmisi İcraiyyə Komitəsinin Tovuzda akademiyanın yaradılması ilə bağlı qərarının icrasına başlama ərəfəsində görülən işlərlə yaxından tanış olub.

Məmmədov rayon və klub rəhbərliyi, işçi, məşqçi heyəti ilə görüş keçirib, azarkeşlərlə söhbət edib. Baş katibə "100 illik Tovuz Futbolu" kitabı hədiyyə olunub.

O.Abdullayev bildirib ki, E.Məmmədov hazırlıq işlərindən razı qalıb: «Baş katib Tovuza Gəncədən gəlmişdi və yorğun olmasına baxmayaraq, bir neçə saatini bizə ayırdı.

Stadionu və bazanı gəzdi. Ondan qabaq Tovuza xüsusi işçsi heyəti gəlmişdi. Nə iş görüləcəksə, hamısını ölçüb-biçmişdilər.

Elxan müəllim dedi ki, mən akademiyanın yaradılması ilə bağlı işləri nəzarət altında saxlasam da, bir dəfə özüm gəlib hər şeyi görmək istədim. Razı qaldı.

Qərara alındı ki, yaxın günlərdə ssmeta tutulsun. Bir də ikimərtəbəli bazaya daha bir etaj əlavə olunması planlaşdırıldı.

Bu da asılıdı Fövqəladə Hallar Nazirliyindən. Onların nümayəndələri binanı yoxlayıb, üçüncü mərtəbənin qaldırılıb-qaldırılmamasına icazə verməlidilər.

Elxan müəllim dedi ki, Tovuz futbol rayonudu, burdan həmişə yaxşı futbolçular çıxıb. Onun sözü budu ki, Tovuzda yaradılacaq akademiya bütün qərb bölgəsini birləşdirməlidi, mərkəz rolunu oynamalıdı.

Baş katibə klubun bazasını göstərdik və bu zaman rayonun icra başçısının müavini də onunla bərabər idi.

Başçı Məmməd Məmmədov Bakıda olduğundan, görüşdə iştirak edə bilmədi. Ancaq Elxan müəllim gördü ki, rayon rəhbərliyi də futbolun inkişafında maraqlıdı və imkan daxilində bu proseslərdə iştirak etməyə hazırdı.

Hər söhbətin öz yeri var, ona görə də bu dəfə «Turan»ın Premyer Liqaya buraxılıb-buraxılmayacağı haqda danışmadıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti