"Bizim adımız çıxıb. Hər oyundan sonra komandamıza şər atırlar. Artıq boğaza yığılmışıq. Bilmirik dana nə edək ki. bir də bu söhbətlər olmasın" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un baş məşqçisi Əfqan Talıbov deyib.
Naxçıvan təmsilçisi I Divizionda ikinci dövrəni bərbad keçirir. Komanda ilk matçda "Bakılı"ya son dəqiqə qoluyla qalib gəlsə də, elə bu da sonuncu olub. Növbəti 5 qarşılaşmada meydandan məğlub ayrılıblar. Dövrələrarası fasilədə heyətində xeyli dəyişiklik edən, gəncləşdirmə siyasətinə keçən "Şərurspor" liderlər qrupundan çox geridə qalıb.
XIX tur çərçivəsində keçirilən "Göyəzən" - "Şərurspor" matçında 6 qol qeydə alınsa da, qalib müəyyənləşmədi. İlk hissəni 2:1 hesabı ilə öndə bitirən qazaxlılar üstünlüyü sona qədər qoruya bilmədi - 3:3. Peşəkar Futbol Liqasının təqdim etdiyi videoicmala baxarkən vurulan qollar şübhələrə əsas verir. Hər halda çempionatın ən zəif iştirakçısı sayılan "Göyəzən"nin qonaqlara 3 qol vurması ciddi araşdırma mövzusudu. AFFA-nın danışılmış oyunların sorğu-sualını aparmaq niyyəti ilə yaratdığı xüsusi komissiya bu qarşılaşma ətrafında baş verənləri öyrənməlidi.
Talıbovun dediyinə görə, komandanın məğlubiyyətləri sıralaması prezident Sərdar Bağırovun həbs olunmasıyla əlaqədardı: "O, 3 aya yaxındı ki, Kürdəxanıda saxlanılır. Azadlıqda olanda hər gün məşqlərə gəlirdi, futbolçularla danışırdı, onlara əlavə motivasiya verirdi. Mən hər keçən gün Sərdar müəllimin yoxluğunun komandaya necə təsir elədiyini daha açıq-aydın görürəm.
Klub bir ailədi. Ailənin başçısı isə prezidentdi. Prezident yerində olmayanda ailədə işlər qaydasında getmir. Mən baş məşqçi olaraq bacardığımı edirəm, öz işimi görürəm. Amma hər şey məndən asılı deyil. Sərdar müəllim həmişə komandanın başının üstündə olub deyə, futbolçular indi ruhdan düşüblər. Həm də nəzərə alın ki, 4 aparıcı futbolçum zədəlidi. Biri olmayanda komanda əziyyət çəkir, görün, mən indi nə vəziyyətdəyəm.
Qışda gətirdiyim gənclər isə ümidlərimi doğrultmurlar. Adaptasiya prosesini zəif keçirirlər. Bu sözlərim legionerlərə də aiddi. Üç iraqlı legioner gətirmişəm, hələ də onlardan istədiyimi meydanda ala bilmirəm. Ən böyük problem qol vura bilməməyimizlə bağlıdı. Rəsul Babazadə Qazaxda iki qol vurdu, bir penaltini də qaçırdı. Çoxdandı oynamırdı, praktikası yox idi. Coşqun Süleymanov zədələnəndən sonra Rəsulun ümidinə qalmışam, o da bir oyun belə oynayır, bir oyun elə.
İlk dövrədə ən böyük narahatlığım yarımmüdafiə xəttindən idi, onu qış fastləsində düzəltdik. Hücumçular qol vəziyyətlərini dəyərləndirə bilmədiyindən, orta xəttin xeyrini görmürük. Fərmayıl Əliyevin "Şəmkir"ə getməsi bizi çətinə saldı. Aparıcı hücumçumuz idi. "Mil-Muğan"la super oynamışdıq, bir səhvə görə məğlub olduq. Ondan sonra eniş başlayıb. Futbolçularımda əsəbilik yaranıb. Ən çox da hücumçularda. Coşqun lazım olanda pas vermir, yaxud pas gözlədiyi yerdə top ona gəlmir. Belə olanda da, oyun üslubumuz pozulur, uduzuruq.
Sərdar müəllim azadlıqda olsaydı, bu vəziyyətlə üzləşməzdim. Əl-ələ verib, komandanı irəli aparmışdıq. Özünüzü qoyun mənim yerimə, yaxşı oynayıb uduzuruq, artıq liderlər qrupundən xeyli daldayıq: bu futbolçuları gələn oyunlara necə konsentrasiya edim? Mükafat da yoxdu ki, stimul verim. Komandanın artıq heç nəyə iddiası qalmayıb, ona görə də belə gedirik. Divizionda əsas mübarizədi, ustalıq səviyyəsi çox aşağıdı.
Məqsədini itirən komandanın səhvlərə yol verməsi qaçılmazdı. Birtəhər çalışıb mövsümü başa vurmalıyıq. Prezidentimizin həbsdən çıxmasını gözləməkdən başqa əlacımız yoxdu. Məni dilxor edən müdafiə xəttimizdi. Qol vura bilmiriksə, qol da buraxmamalıyıq. "Turan" bunu bacardığı üçün liderdi. AFFA-nın Məşqçilər Komitəsinin üzvləri, futbol funksionerləri əksər oyunlarımızı gəlib izləyir. Hamısıyla söhbət etmişəm, deyirlər ki, yaxşı komanda yaratmısız, yaxşı oynayırsız, bircə qol vura bilmirsiz.
Hücumçularımız əllərinə düşən imkanları qaçırandan sonra yük düşür müdafiə xəttin üzərinə, onlar da bunun öhdəsindən tam gəlmirlər, bir yerdə səhvə yol verirlər, onunla da oyun gedir. Məşqçilər Komitəsində təcrübəli futbol adamları işləyir, əgər "Şərurspor" oyunları qəsdən uduzsaydı, bukmeyker kontorlarına "işləsəydi", "stavka"ya qoysaydı, bunu hiss edərdilər.
Yox, "Şərurspor"un varlığı kimlərisə narahat edirsə, çəkinməsin, desin bizə. Biz də öz növbəmizdə Sərdar müəllimə deyək, qoy, bağlasın klubu. Bu klubun olması kimin yerini dar edir, mənə çatmır. "Şərurspor"dan 30 ailə çörək yeyir. Onsuz da, klublar bir-bir dağılır. "Şərurspor" da dağılsa, 25-30 futbolçu qalacaq küçədə. Futbol ictimaiyyəti Sərdar müəllimə minnətdar olmalıdı ki, belə çətin vəziyyətdə öz cibinin puluna klub saxlayır".

