"Turan Tovuz"un sabiq prezidenti Namiq Məstanov futboldan uzaqlaşandan sonra özünü başqa bir sahədə, daha dəqiqi, kazino biznesində sınamağa qərar verib. Ötən həftə Sportinfo.az olaraq ilk dəfə bu xəbəri verdik ki, o, Tiflisdə yeni obyektinin açılış mərasimini keçirib. Sabiq klub prezidentinin birdən-birə bu sahəsinə üz tutması ictimaiyyət arasında böyük səs-küy doğurub. Heç kimə sirr deyil ki, kazino biznesinə girişən şəxsin arxasında böyük kapital olmalıdı.
Saytımızın yaydığı bu informasiyadan sonra media bir-birinə dəyib, iddia olunur ki, Məstanov bu işdə, sadəcə, icraçıdı. Daha dəqiq desək, kimlərinsə əmrlərini yerinə yetirir, kazinonu maliyyələşdirən isə tam başqası, Azərbaycanda yüksək vəzifə tutan, geniş imkana malik, əslən Tovuzdan olan dövlət məmurudu. Həmun şəxs dövlət qulluğunda olduğundan adının biznes sahəsində hallanmasını istəmir və buna görə də kazinonu Namiq bəyin adına rəsmiləşdirib.
Məstanov klubdan ayrılandan sonra bir müddət ölkəyə Rusiya ərzağını idxal edən şirkətlərin birində qərb bölgəsi üzrə satışa nəzarət edib. Həmin şirkət daha çox spirtli içkilər və mineral suların satışı üzrə ixtisaslaşıb. Təxminən 2 ay olar ki, o həmin şirkətdən ayrılıb. İndi isə yazılıb-pozulur ki, Məstanovun o qədər imkanı yoxduöz vəsaiti hesabına kazinoların bol olduğu Gürcüstan paytaxtında rəqabətədavamlı obyekt açsın, yerli qurumlarla dil tapıb işləyə bilsin. Belə ki, bütün pərdəarxası işləri qonşu ölkə ilə sıx əlaqələrə malik olan məmur yoluna qoyub.
Redaksiyamızla əlaqə saxlayan Namiq bəy haqqında söylənilən iddiaların cəfəngiyyat olduğunu bildirib: "Bu söz-söhbətlər o qədər gülünc və əsassızdı ki, bilmirəm gülüm, yoxsa ağlayım. Tiflisdə kazino açmaq böyük vəsait istəmir. Görünür, barəmdə ağızlarına gələni danışanların fikri başqa yerlərə gedib. İstənilən şəxs Gürcüstanda biznes qura bilər. Burda bunun üçün hər cür şərait yaradılıb, hər hansı bürokratik əngəllə qarşılaşmırsan. Əlində cüzi imkan varsa, münasib sahə tapıb, sərmayəni ora qoya bilərsən.
Mənim bu işdə heç bir şərikim yoxdu, olmasını da istəmirəm. Özümə nə gəlib ki… Mən Tovuza, "Turan"a bağlı insanam. Həmişə doğma rayonumun klubuna şərəflə xidmət göstərmişəm və ordan alnıaçıq ayrılmışam. Prezident olduğum illərdə kluba maliyyəni AFFA ayırıb. O puldan 1 qəpiyə dəyməmişəm. Yeri gəlib, öz cibimdən "Turan"ın xərclərini ödəmişəm. Elə olub, obyektiv səbəblərdən maaşlar bir müddət gecikib, mən dost-tanışlardan, bankdan pul götürüb, məşqçilərə, futbolçulara, işçilərə vermişəm, borcu bağlamışam.
Bu, nə bir dəfə olub, nə iki dəfə. Həmin vaxt "Turan"a nə qədər büdcə ayrıldığı da məlumdu, bizim gördüyümüz işlər də. Bilənlərin çoxu təəccüblənirdi ki, bu pulla bir belə işi necə görürsən. Yalandan uydururlar ki, "Turan"ın avtobusunu satmışam. Onu satan da bilinir, neçəyə və kimə satdığı da. Bəzi tovuzlu dövlət məmurlarını tanıyıram, uzaqdan-uzağa. Heç biriylə yaxın münasibətim yoxdu. Olsaydı, biri gəlib "Turan"a kömək edərdi. Hərə özüyçündü. Mənə heç kim "krışalıq" eləmir".

