I Divizionun 19-cu turunda "Zaqatala" İmişlidə “Mil-Muğan”ın qonağı oldu. Qarşılaşmada vurulan yeganə qolun müəllifi, çempionatın bombardiri Oruc Balaşlı görüşdən sonra Sportinfo.az saytına müsahibə verib.
- Oyun çətin keçdi. Meydan da çox ağır idi. Son oyunlarda ardıcıl xallar itirmişdik. Bizə qələbə vacib idi. Çox sevinirik ki, bunu bacardıq.
Son zamanlar komandanın uğursuz çıxışını nə ilə əlaqələndirirsən?
- Əsas heyət üzvlərindən 3 nəfər zədəli idi. Məncə, əsas səbəb budur. Buna görə, zəif başladıq.
Lider “Turan Tovuz”dan 8 xal geridəsiz. Medal qazanmaq və çempionluq şanslarınını necə dəyərləndirirsən?
- Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Amma bu, çətindi. Minimum ikinci yerə sahib olmalıyıq. Qarşımıza ilk 2 pillədən birini tutmaq hədəfi qoyulub.
23 qolla Divizionun ən sərrast futbolçususan. “Zaqatala”da qalmaq istəyirsən, yoxsa təkliflər var?
- Təklif yoxdu. Amma istəyirəm ki, yüksəsk liqaya vəsiqə qazanaq və Premyer Liqada bombardir olum.
Premyer Liqaya vəsiqə qazansaz, Birinci Diviziondakı performansını elitada da sərgiləyə biləcəksən?
- Özümə güvənirəm. 25-30 qol vura bilməsəm də, inanıram ki, azı 15 qol vura bilərəm.
Ötən il Röyal Nəcəfov Birinci Divizionda 24 qol vurmuşdu. Amma hazırda AZAL-ın heyətində fərqlənə bilməyib. Ola bilər ki, səni də eyni aqibət gözləsin?
- Özümə inanıram. İstədiyim kimi oynasam, bacaracam.

