"Səbail"lə oyundan bir neçə gün öncə "Turan Tovuz"un bəzi futbolçuları zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdilər. Qidadan zəhərlənən futbolçulara dərhal yardım göstərilsə də onların "Səbail"lə oyunda meydana çıxıb-çıxmayacaqları sual altında idi. Mülicəsi davam etdirilən tovuzluların nəhayət oyuna az vaxt qalmış meydana çıxacaqları dəqiqləşdi.
Bu gün klub tərəfindən yayılan bəyanatda həm yaşananlarla bağlı ətraflı məlumat, həm də onların guya bilərəkdən bunları etmələri iddialarına cavab verilib. Bundan başqa sübut üçün klub xəstəxanadan təqdim edilən müalicə ilə bağlı sənədi də nümayiş etdirib. Sportinfo.az bəyanatı olduğu kimi təqdim edir:
"Dünən komandamız ən yaxın izləyicisi olan "Səbail”lə səfərdə heç-heçə edərək aradakı 5 xallıq fərqi və zirvədəki yerini qorudu. Heç-heçə bizi qane etsə də meydana qələbə üçün çıxmışdıq. Klub olaraq oyundan öncə yaşananlara və yayılan "dedi-qodulara” məhz oyundan sonra reaksiya vermək istədik və aşağıda bir çox mətləblərə aydınlıq gətirəcəyik.
İlk olaraq 6 mart tarixndə gecə saatlarında bəzi futbolçularımız özlərini pis hiss etdiyindən dərhal təcili tibbi yardıma zəng olunmuş və futbolçularımız Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə çatdırılmışlar.
Hadisə Tovuz Rayon İcra Hakimiyyətinin, şəhər rəhbərliyinin eləcə də Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun diqqət mərkəzində saxlanılmış həkimlərə futbolçulara ciddi nəzarət olunması tapşırığı verilmişdi.
7 mart tarixində Peşəkar Futbol Liqası və "Səbail” klubunna hadisə ilə bağlı rəsmi məlumat verilmiş və oyunun 9 mart tarixindən 11 mart tarixinə keçirilməsini xahiş etmişdik. PFL və "Səbail” klubu cavab vermək üçün 2 saat vaxt istəmiş, sonra canlı yayıma görə oyunun vaxtını dəyişməyin mümkün olmayacağını bildirmişdi. Biz də öz növbəmizdə futbolçuların səhhətini nəzərə alıb oyuna U-19 komandası ilə çıxmaq istəsək də belə olan halda gecəni xəstəxanada keçirən futbolçularımız təkidlə bu oyuna çıxmaq istədiklərini bildirdilər.
8 mart tarixində komandamız Bakıya yola düşən ərəfədə gecəni həkim nəzarətində keçirən Mirkamil Haşımlı, Eltay Tağıyev, Orxan Lalayev, Azər Məmmədov, Rəhman Musayev və başqaları komandaya qoşuldular.
Bakıda oteldə yerləşdikdən sonra həkimlər gecə futbolçuları daim nəzarət altında saxlamış və oyun saatına kimi hazır etmək üçün əllərindən gələni etmişlər.
Vəziyyətləri daha ciddi olan futbolçularımızdan ikisi – Mirkamil Haşımlı və Eltay Tağıyev 9 mart tarixində saat 11-00-dan 16-00 kimi "Baku City Hospital”da yenidən müayinə edilmiş və oyunun başlamasına təxminən 1 saat qalmış komandaya qoşulmuşlar. Oyundan öncə komanda rəhbərliyi, futbolçu və məşqçi heyətnin birlikdə keçirdiyi toplantıda klub rəhbərliyi nəticədən asılı olmyaraq futbolçuların arxasında olduğunu bildirmiş və xal və ya xalların deyil onların səhhətinin vacib olduğunu bir daha vurğulamışdır. Bütün bunlar hadisələrin gedişatı idi. Lakin sosial şəbəkələrdə və bəzi saytlarda həqiqəti əks etdirməyən yalan və hətta qərəzli xəbər və ittihamlar səslənilirdi.
1. "Komandada peşəkar yanaşma yoxdu və zəhərlənmə "pomidor-yumurtadan” olub” – Klubumuzda qidalanma nəzarət altındadır. Futbolçular xüsusi pəhriz və həkimin icazəsi ilə müvafiq menyuya uyğun qidalanırlar. Monitor arxasında barmaq şaqqıldadan bəzi yoldaşlar buyurub Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib lazımi informasiyanı əldə edə bilərlər.
2. "Turan Tovuz” qorxduğundan bu oyunun təxirə salınmasını istəyir” – Gülməli ittihamdır. "Turan Tovuz” gücünü hər zaman meydanda göstərib və heç kimdən qorxmadığı turnir cədvəlində öz əksini tapıb. "Zəhərlənmə” "bəhanə”si ilə oyunu təxirə saldıqda heç-bir komandaya 3 xal verilmir. 3,5, 50 gün sonra da olsa oyun keçirilir. Biz sadəcə iynə, dərman altında olan futbolçularımızın özünə gəlməsi üçün oyunun 2 gün sonraya çəkilməsini xahiş etmişdik. Lakin görünür futbolçu sağlamlığı bəziləri üçün lağ obyektinə çevrilirmiş.
Bir məqamı da qeyd edək ki, "Bayıl Arena”da 500-ə yaxın tovuzlu azarkeş toplaşmışdı. "Oyun verməyə”, "antifutbol” oynamağa gedən bir komanda 90 dəqiqə ərzində dayanmadan qələbəyə səslənməz! Tovuz azarkeşini aldatmaq mümkün deyil! Nə "Turan Tovuz” nə də ki, yeni yaradılmış, heyəti gənc və perspektivli, milli üzvlərindən qurulmuş "Səbail” klubunun rəhbərliyinin və futbolçularının oyun alıb-verməyə ehtiyacı var.
3. "Qorxaq və "antifutbol” – Oyunu izləyən qərəzsiz və biraz da savadlı insan antifutbol kəliməsinə müraciət etməz! Diqqət yetirsəniz oyun ərzində özünü pis hiss edən hər üç futbolçumuz məşqçilər korpusu tərəfindən dərhal əvəzləndi. Son saniyəyə qədər vuruşduq və xalımızı qazandıq. "Turan Tovuz”un arxasında minlərlə azarkeşi, aslanlar kimi futbolçuları var. Odur ki, qorxu sözü bizə yaddı!"

