I Divizionun 19-cu turunda İmişlinin “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib. Sportinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov jurnalistlərin sualarını cavablandırıb:
- Oyundan öncə də qeyd etmişdim ki, “Mil-Muğan" maraqlı futbol oynayır. Aqil müəllim yaxşı komanda qurub. Müasir futbol oynayırlar. Biz süni meydanda məşq etmişik, bu meydanda çətin oyun oldu. Məqsədimiz 3 xal qazanmaq idi və və buna nail olduq. Oyuna baxdıqda qələbə bizim haqqımız idi. Nəticə ədalətli oldu.
Sizin istefanız gündəmdə idi. Rəhbərliyin sizə etimadından sonra komanda "qara zolaq"dan çıxdı.
- Azərbaycanda iş tapmaq çətin deyil. Mən heç kəsin yerini tutmuram. Ləyaqətlə çalışmaq istəyirəm. "Qara zolaq" deməzdim. "Turan Tovuz"la yaxşı oynamışdıq, amma fərdi səhvdən qol buraxdıq. "Şəmkir" və "Şahdağ" səfərində stadionlar bərbad idi. Qusarda əməlli-başlı palçıqğın içində oynayırdıq. Eyni zamanda zədəli futbolçularımız da var idi. Məsələn, "Qarabağ"da Dani Kintana hazırda yoxdu, komanda qələbə qazana bilmir. Biz də yalnız bu iki səbəbə görə xallar itirdik. Musa Qurbanovla dostuq, amma istəsə, dəyişikliyə hazıram.
Qarşıda 7 tur qalıb. Medal qazanmaq şansınızı necə qiymətləndirirsiz?
- Bütün oyunlarda qalib gəlsək, ikinci yeri tuta bilərik. “Turan Tovuz"un da oyunlarından asılı olaraq, hətta çempionluq uğrunda mübarizə apara bilərik. Minimum hədəfimiz gümüş medallardı.
Komandanız aqressiv idi, xüsusilə də Emin Mehtiye
- Bəli, Emində hardasa aqressiya vardı, ancaq ona qarşı çox qayda pozuntusu oldu. Zədədən yeni qayıdıb, xüsusən zədəli olan ayağına zərbələr vururdular. Aqressivliyin səbəbi budu.
Komandanız adətən çox qol vurur. Bu gün isə çox qol epizdou yaratmağa çətinlik çəkirdiz.
- Əslində, mən belə düşünmürəm. Təkcə Oruc Balaşlının iki qol vəziyyəti oldu. Mərkəz hücumçusu bu imkanlardan yararlanmalı idi, fürsəti qaçırdı. Oruc bombardir olsa da, ondan narzıyam. Çox çalışmalıdı.
Bu gün hardasa bəxtinizin də gətirdiyini deyə bilərik. Son daəqiqələrdə ardıcıl iki mübahisəli penalti epizodu oldu.
- Əgər epizodu görsəydim, nəsə deyərdim. Səmimi sözümdü, mən görmədim.
Musa Qurbanov uğursuz çıxış zamanı demişdi ki, komandadan hesabat tələb edəcəm. Siz vaxtilə onun baş məşqçisi olmusuz və yaşda da böyüksüz. Onun sizdən hesabat tələb etməsi etik cəhətdən nə qədər düzgündü?
- Bəli, biz Musa Qurbanovla futbol oynamışam, baş məşqçisi olmuşam. Amma işimə peşəkar yanaşıram. Klub rəhbərinin baş məşqçidən hesabat istəməsi normaldı. Bir dəfə Qurban Qurbanovdan soruşmuşdular ki, niyə vida oyununuzda Şaban Şirdanov məşqçilər korpusunda yer almamışdı? O da demişdi ki, Şaban müəllim küsən, inciyən adam deyil. Bu həqiqətən də belədi. Yəqin, Musa Qurbanov da bunu bilir (gülür).
Qeyd etdiz ki, Musa Qurbanov klub rəhbəri kimi hər şeyin ən yaxşısını istəyir. Düşünmürsüz ki, ən yaxşı üçün də yaxşı şərait yaradılmalıdı. Heyəti niyə gücləndirmirsiz?
- Qış fasiləsi ərəfəsində bizim 8 oyunluq qələbə seriyamız oldu. Düşünürəm ki, Musa Qurbanov bu heyətə gələcəkdə Premyer Liqada güvənməyi düşünür. Buna görə də radikal dəyişikliklər edilmədi. Ruslan Tağızadə isə özü getmək istədi.
Belə söhbətlər gəzir ki, “Səbail” neçənci yeri tutsa da, Premyer Liqaya vəsiqə qazanacaq. Bu söz-söhbətlər sizə necə təsir edir?
- Dünən “Səbail”in penaltisi verilmədi. Bu özü sualınızın cavabıdı. Premyer Liqaya kim çıxacaqsa, heyətini gücləndirməlidi. Biz belə söz-söhbətlərə fikir vermirik. Əlimizdə olan futbolçuların səviyyəsini yüksəltmək istəyirəm.
Bugünkü “Zaqatala”nı Premyer Liqanın hansı klubları ilə müqayisə edərdiz?
- Biz bu suala qışda “Kəpəz” və AZAL-la başabaş mübariə aparmaqla cavab verdik.

