VİDEO: "Əsgər salamı"na görə "Səbai"lin baş məşqçini danladılar

10 Mart 2017 12:36 I Divizion 915
VİDEO: "Əsgər salamı"na görə "Səbai"lin baş məşqçini danladılar

I Divizionda 19-cu tura dünən start verildi. İlk günü liderləri qarşılaşdırdı. "Səbail" Bayılda "Turan Tovuz"u qəbul etdi və 90 dəqiqədən qol səsi çıxmadı. Bu matçda debütanta yalnız qələbə lazım idi, gəl ki, Elman Sultanovun komandası qonaqların "avtobus parkı"nı yarmağı bacarmadı. İlk dəqiqələrdən xoşbəxtliyi üçüncü zonada arayan "Səbail" Əsgər Abdullayevin betonlaşmış müdafiə fəlsəfəsini "çürük" çıxara bilmədi. Düzdü, "Səbail"in ilk hissədə və fasilədən sonra fərqlənmək imkanı var idi, istifadə etmədilər. Bu isə çempionluq uğrunda mübarizəni yenidən soyutdu.

Qərb təmsilçisi xal ehtiyatını 46-ya çatdırdı və yenə ən yaxın izləyicisindən 5 xal irəlidədi. Qazanılacaq qələbə "Səbail"in hər bir futbolçusunu təkcə 500 manat irəli salmayacaqdı, eyni zamanda, Premyer Liqaya bir addım da yaxınlaşdıracaqdı. Onsuz da, Rəşad Abdullayevin sahibi olduğu klub gələn mövsüm elitada mübarizə aparacaq, məsələ hansı oyunçunun həmin heyətdə yer almasındadı. Ki, yəqin ki, rəhbərlik bundan sonra nə baş məşqçini, nə də onlardan kimisə yayda saxlamaq fikrində olsun. "Vur qabağa" futbolu oynadan Sultanovun, 1 metrdən boş qapını nişan ala bilməyən hücumçunun elitada nə ölümü var?

Təşəkkür Əsgər Abdullayevə, nəticə əldə etməyin yollarını bilən tovuzlu futbolçulara düşür! Adlarını təmiz saxladılar. Oyundan öncə "Turan"ın bir neçə üzvü zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilmişdi, meydana çıxmaları sual altında idi. Belədə şayiə dumanı qalxmışdı ki, əyalət təmsilçisi gözdən pərdə asır, özlərini "Səbail"ə 3 xal hədiyyə etməyə "hazırlayırlar".

Qarşılaşmanın gedişində Orxan Lalayev və 2-3 yoldaşının əzgin üz cizgilərindən görmək olardı ki, yayılan xəbər doğurdu: qonaqlar prinsipial matçın ertələnməsini boş yerə PFL-dən xahiş etməyib. Bütün çətinliklərə baxmayaraq, "Turan" güclü rəqibinə boyun əymədi, hətta son dəqiqələrdə qələbə topunu vurmağa yaxın oldu. İlk epizodda Timur Dadaşovun zərbəsini Emil Balayev çətinliklə zərərsizləşdirdisə, ardınca Rəhman Musayevin fərqlənməsinə Saşa Yunisoğlu imkanı vermədi. Kapitan rəqib hücumçunun formasından dartmaqla sonuncu ümid foluna əl atdı və Elvin Əsgərovdan "qırmızı" aldı.

Divizionda mövsümün sonuna 7 tur qalıb. "Turan" liderlər qrupunda yer alan və onlara qonşu olan rəqiblərin hamısıyla artıq qarşılaşıb. İrəlidəki həftələrdə nisbətən zəif komandalarla üz-üzə gələcəklər. 5 xallıq fərqi qoruyacaqlar. Əsgər Abdullayev saç-saqqalını bu işdə ağardıb, iki dünya bir olsa da, imkan verməz ki, qızıl medalları Elman Sultanov əlindən alsın. İkinci özü və karyerası barədə narahat olsun. Dünənki qarşılaşmadan 3 xal çıxmadığı üçün rəhbərliyi tərəfindən danlanılan, xoş münasibət görməyən gənc mütəxəssis yerini boşaldacağı günün çox da uzaqda olmadığını bilsin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti