“Mil-Muğan”ın oyunlarını kim(lər) satır?

9 Mart 2017 18:00 I Divizion 2 219
“Mil-Muğan”ın oyunlarını kim(lər) satır?

“Mil-Muğan”ın qeyri-sabit çıxışı davam edir. Aqil Məmmədovun komandası ardıcıl 7-ci qələbədən sonra 2 turdu uduzur. Məğlubiyyətsiz oyunlar seriyası 8-də qırılan imişlilər turnir cədvəlinin orta pillələrində qərarlaşır.

Mövsümün əvvəlində PFL prezidenti Ramin Musayev “birinci dəstədə mübarizə aparan “Mil-Muğan” mənim nəzarətim altındadı” söyləyərkən, mətbuat, futbol ictimaiyyətinin nümayəndələri arasında “deməli, növbəti “futbol ili”ndə elitaya yüksələn komandalardan biri İmişli təmsilçisi olacaq” səpkili söz-söhbətlər yayıldı.

Lakin aşağı dəstədə çempionata start veriləndən sonra “ağ-yaşıllar”ın inamsız oyun sərgiləməsi, ard-arda xallar itirməsi Aqil Məmmədovun komandasına inamı azaltdı. Həmin ərəfədə bir çoxları PFL prezidentinin kurasiyasında olan komandanın heç nəyə nail olmayacağını düşündü. Ancaq necə deyərlər, sən saydığını say, gör Aqil Məmmədov və yetirmələri nə sayır!

Bu sualın cavabını açıqlayacağıq. Öncə baş məşqçinin bugünlərdə verdiyi bir müsahibədən çıxarış edək: "Burda heç bir sirr, qeyri-adi heç nə yoxdu. Hər sahədə olduğu kimi, futbolda da uğur qazanmaq üçün çalışmaq lazımdı. Gərgin əmək, əzmkarlıq və istək uğura paran yolun bünövrəsidi. Rəhbərlik etdiyim komanda da məhz bunun sayəsində ardıcıl qələbələr qazanmağı bacarıb. Mövsümün əvvəli bizim üçün o qədər də uğurlu alınmamışdı.

Səbəb komandanın çempionatın startı ərəfəsində, mövsümlərarası fasilədə bir qədər gec bir araya gəlməsidi. Birinci divizionun əksər klubları təlim-məşq toplanışına başlayarkən bizim komandada kimlərin çıxış edəcəyi hələ məlum deyildi. Cəmi 18 gün hazırlıq keçə bildik və bu üzdən futbolçuların fiziki durumu, xətlərarası anlaşma istənilən səviyyədə deyildi. Turdan-tura qeyd etdiyim çatışmazlıqları aradan qaldırmaq yönündə səy göstərdik, gecə-gündüz komandanın uğur qazanması üçün çalışdıq.

Şükür Allaha, bu gün az-çox nəyəsə nail olmuşuq. Oktyabr, noyabr ayında “Mil-Muğan” uğursuz nəticələrlə imişliləri küsdürmüşdü və onlar da haqlı olaraq ev oyunlarında etiraz səslərini ucaldırdılar. Ancaq bu xoşagəlməz tendensiya çox çəkmədi. Komandada maliyyə problemi yoxdu. Hamı vaxtında maaşını alır. Mükafat isə mövsümün sonunda olacaq. Çempionatı ilk “üçlük”də başa vursaq (buna çox inanıram), futbolçulara əlavə bonus veriləcək.

Demək istəyirəm ki, “Mil-Muğan” bu günə qədər nə edibsə, bundan sonra da nə edəcəksə, hamısı gərgin zəhmətin bəhrəsidi. Gücümüz çatacaq, ilk “üçlük”də yer alıb elitaya vəsiqə qazanacağıq, çatmayacaq, hamı kimi kənarda qalacağıq. Bizim komanda da bəzən ictimaiyyətə məlum olmayan problemlərlə üzləşir. Ancaq kollektivdə o qədər sağlam mühit formalaşıb ki, heç kim bu haqda kənara söz ötürmür. Futbol kollektiv oyundu və meydanda olduğu kimi, kənarda da hamı bir nöqtəyə vurursa, artıq-əskik danışmırsa, deməli, artıq uğura aparan yolun bünövrəsi düzgün qoyulub".

Həqiqət müsahibənin son cümlələrində gizlənir. Aqil Məmmədov demək istədiyini üstüörtülü şəkildə çatdırıb. Bəlkə özünün, bəlkə də futbolçularının biabır olmaması naminə. Məsələ ondadı ki, o, mövsümün hazırlığına gec başlayan "Mil-Muğan"a kimi gəldi götürüb. İstər yerli, istər gəlmə. Onların bir çoxu qış qapını kəsdirməmiş iç-üzlərini açıb göstərib. PFL prezidentinindən aldığı siqnal isə gənc mütəxəssisi sarsıdıb.

Ramin Musayev "Mil-Muğan"ın 4-5 futbolçusunun qeyri-leqal bukmeyker kontorları ilə əlaqəsi, öz oyunlarına "stavka" qoyması və digər qaranlıq olaylar barədə baş məşqçiyə xəbərdarlıq edib. O isə "şübhəli obyektləri" gecikmədən düşərgədən uzaqlaşdırıb. Məmmədov "indi kənara söz-söhbət çıxmır" dedikdə, məhz bunu nəzərdə tutur.

"Mil-Muğan"ın UEFA-nın təqdimatı və tələbi ilə AFFA-nın yaratdığı xüsusi komissiyanın danışılmış oyunlarla bağlı "araşdırma dairəsi"ndən kənarda qalması, adının və futbolçularının "qara siyahı"ya düşməməsi Ramin Musayevlə, konkretləşdirsək, bu klubun onun nəzarətində olmasıyla əlaqədardı. Əldəqayırma komissiya "Mil-Muğan"ı nişan versəydi, gərək AFFA-nın himayəsindəki digər komandaları da o siyahıya salaydı. Axı onlar da süddən çıxmış qaşıq deyil…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti