"Kreditin içində boğulub ölürük, çox şey deyəcəm, məni də qovacaqlar" - Divizion baş məşqçisi

9 Mart 2017 09:24 I Divizion 579
"Kreditin içində boğulub ölürük, çox şey deyəcəm, məni də qovacaqlar" - Divizion baş məşqçisi

Birvaxtlar SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında mübarizə aparan “Göyəzən”dən indi əsər-əlamət yoxdu. Hazırda birinci divizionda mübarizə aparan komanda, demək olar ki, son mövsümləri biabırçı şəkildə keçirir. Aşağı dəstədə elə komanda yoxdu ki, Qazax təmsilçisini məğlub etməsin. Komanda dünən “Ağsu”ya 0:7 hesabıyla məğlub olub. Bundan öncəki turda da Elxan Muradovun yetirmələri “Səbail”dən 7 cavabsız top buraxmışdı. Bir sözlə, durum həddən artıq ağırdı. Komandaya nə baxan var, nə də dəstək olan. Nə AFFA, nə də İcra Hakimiyyəti “Göyəzən”ə yaxın durur. Bütün bunlarla bağlı komandanın çalışdırıcısı Elxan Muradovla danışmağı lazım bildik (Futbol+).


Elxan bəy, bu gün də 7 qol buraxmısız. Elə hey uduzursuz, bu komandanın sonu necə olacaq?

- Bəli, ağır məğlubiyyət aldıq. İndi yoldayıq, Qazaxa qayıdırıq. Komandanın axırının necə olacağını heç özüm də bilmirəm. Başqa nə deyim sizə? Olanımızı ortaya qoyuruq. Gücümüz bundan artığına çatmır. Çox istəyirik ki, qol vuraq, yaxşı nəticə qazanaq. Allaha and olsun, vəziyyətimiz çox ağırdı.

Bəs belə durumda komanda saxlamağın nə mənası var?
- Niyə mənsı yoxdu ki? Mənası yoxdu deyə, komandanı dağıtmalıyıq? Oynayırıq da. Sadəcə zəifik, uduzuruq.

Komandanı dağıtmağı təklif etmədik. Sadəcə, vaxtilə söz-söhbət gəzirdi ki, yeni icra başçısı kluba dəstək olacaq.
- Xeyr, elə şey olmayıb. Futbola çağırışlar edib marağı artırmaq olmur. Ötən illər AFFA bizə bir az baxdı, kömək etdi. Bunun da nəticəsi oldu. Ardıcıl 7 oyunda məğlub olmadıq. “Ağsu”, “Zaqatala” və “Neftçala” kimi komandalardan xal aldıq. Bir az təkan verən, əl tutan olsa, 7-8 top buraxmarıq. Bizə bir həvəsləndirən adam lazımdı. Maliyyə gərək yaxşı ola ki, nəticə verək. Normal, heç olmasa, 250-300 manat maaş versələr, futbolçular oynayar.

Bu durumla bağlı AFFA-ya müraciət etmisizmi ki, bizə kömək edin, Qazaxda futbol ənənəsi olub?
- Yəqin ki, nə vaxtsa kömək edərlər. Biz həmişə müraciət edirik.

Bəs nə deyirlər, nə cavab verirlər?
- Bu mövsüm də assosiasiyadan dəstək gözləyirdik. Amma kömək etmədilər.

Yerli resurslar necə, yoxdumu? Qazaxda hansısa şirkət və ya iş adamı ilə danışıqlar aparmaq mümkündü?
- Yox, yaxın duran yoxdu. Futbol adı çəkiləndə hamı qaçır.

Axı Qazaxın futbolun ənənələri olub. Onu məhv etmək olmaz.
- Vallah, biz də bunu istəyirik. Stadionun ot örtüyü də pis vəziyyətdədi. Amma “Ağsu”nun stadionu yaxşı idi. Çünki onların pulu var, bizdə yoxdu. Biz hər yerə müraciət edirik. Deyirlər, yaxşı olacaq.

Nə vaxta kimi gözləyəcəksiz?
- Deyə bilmərəm. Azarkeşlərə nə cavab verəcəyimizi də bilmirəm. Onlar da vəziyyətimizi yaxşı bilirlər.

“Göyəzən”də maksimum əməkhaqqı nə qədərdi?
- Bunu deyə bilmərəm. Klub sirridi. Azdı.

Az nəyə deyirsiz, 100, 50, yoxsa 20 manatdı?
- Lap azdı. 50 manatdan da azdı. Hamımız yaxşı maaş istəyirik. Pul olmayanda komanda formalaşdırmaq olur. Şükürlər olsun ki, heç olmasa, yolpulumuzu verirlər. Sponsorlar deyirlər ki, gələn ildən yaxşı olacaq.

Hər mövsüm onsuz da bu cür sözlər deyirsiz.
- Yadınıza gəlirmi 2006, 2007-ci illər. Vəziyyət çox yaxşı idi. Qarşımıza çıxana 7-8 qol vururduq. AFFA bizə ayda 5 min manat verdi. Hər şey yaxşı gedirdi.

Biz də ona görə deyirik ki, “Göyəzən” indi özü 7-8 qol buraxır. Bu klubun ad-sanı var.
- Siz elə bilirsiz ki, mən komandamın yaxşı oynamasını istəmirəm? Başım çat verir burda. Oyunçu seçə bilmirik. Maliyyə buna imkan vermir. Biz müraciət edirik, quru söz verirlər.

Sizin rayonun deputatı, iş adamı yoxdu? Əvvəllər o bölgədə belə adamlar futbola dəstək verirdilər.
- Təbii ki, var. Bizim sponsorumuz “Turan Bank”dı. Onlar da deyirlər ki, gələn mövsüm yaxşı olacaq. Gözləməkdən başqa çarəmiz yoxdu. Çox pul da istəmirik. Bizimlə oynayan komandanın oyunçuları 500-600 manat maaş alır. Bir yerdə yemək yeyib, bir yerdə yatıb, bir yerdə məşq edirlər. Onların motivasiyası olur. Amma bizim belə şəraitimiz yoxdu. Fərq çoxdu. Bizim gücümüz yalnız “Energetik”ə çata bilər. Heç onları da uda bilmədik. 30 ildi futbolun içindəyik. Özüm 18 il maaş almadan futbol oynamışam.

Amma razılaşarsız ki, indi həmin dövr deyil.
- İndiki uşaqları ancaq pul maralandırır. Maliyyə olmadan heç kim çıxıb meydanda can qoymaq istəmir. Hamının problemi var. Kreditin içində boğulub ölürük. Hamımızın borcu var. Çox şey deyəcəm, məni də qovacaqlar.

Yerinizə kim gələcək ki? Ən azı siz komandaya baxırsız.
- O qədər adam var ki... Yoldan keçən biri gəlib işləyəcək. Allaha and olsun ki, güclə oyunçu axtarıram. Yeni gələn onu da etməyəcək. Biz bu komandanı dağıtmaq istəmirik. Hardasa ümidliyik. Ən azı qoymuruq ki, stadion dağılsın. Oranın ot örtüyünü saxlayırıq.

Heç olmasa, futbolçulara yemək-içmək verirsiz?
- Bu baxımdan heç bir problemimiz yoxdu. Buna pul ayırırlar. Təsəvvür edirsiz, bu gün ürəyim partlayıb. 0:3-dən sonra oyuna 6 müdafiəçi buraxmışdım. Yenə də xeyri olmadı. Adama çox ağır gəlir. Bilsəm ki, fərasətim yoxdu, çoxdan gedərəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti