Abdullayevlərdən Abdullayevə 3 pay - "Turan"ın "zəhər" variantı

8 Mart 2017 15:48 I Divizion 813
Abdullayevlərdən Abdullayevə 3 pay - "Turan"ın "zəhər" variantı

Sabah I Divizionda 19-cu tura start veriləcək. Hesabat həftəsinin ilk oyun günündə çempionatın liderləri üz-üzə gələcək. "Səbail" Bayılda "Turan Tovuz"un yolunu gözləyəcək. Hər iki komanda ikinci dövrəyə əla başlayıb, bütün oyunlarda qələbə qazanıblar. "Turan" 45 xalla lider, "Səbail" 40 xalla ikincidi. Bu görüş qızıl medallarıın taleyini həll edəcək. Qərblilər paytaxtından xal və ya xallarla dönsə, zirvəni son turadək təhvil verməyəcək.

Elvin Əsgərovun idarə edəcəyi qarşılaşmanın favoriti "Səbail"di. Təbii ki, bunun həm iç, həm də kənar səbəbləri var. "Səbail"in iki aparıcı müdafiəçisi - Eltun Yaqublu və Qvanzav Maqomedov zədə səbəbilə "Turan Tovuz"la oyunda iştirak edə bilməyəcək. Yaqublu "Göyəzən"lə oyun öncəsi məşqlərin birində aldığı zədədən sonra bərpa prosesi keçir. O, 1 həftə sonra komanda ilə məşqlərə start verəcək. Maqomedov isə "Mil-Muğan"la oyunun son dəqiqələrində pəncə sümüyündən aldığı zədə səbəbilə 1 ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

Bu itkilər Elman Soltanovun kürəyinə xəncər saplamır. Gənc mütəxəssis qış fasiləsində 10 yeni transferlə komandanı xeyli gücləndirib. Əsgər Abdullayevin əksinə olaraq. "Turan" lider olsa da, bu, bilavastə baş məşqçisinin təcrübəsinin və həmişəki kimi müdafiə futbolu oynatmasının sayəsindədi. Maliyyəyə qalası olsa, Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin patronluq etdiyi "Səbail" tovuzlulardan çox üstündü. Arada yerlə göy qədər fərq yaranıb. "Turan"ın büdcəsi çox aşağıdı. Komandanın aparıcı futbolçularının əməkhaqqısı 450-500 manat civarındadı.

Bu oyun ətrafında şübhə yaradan başqa nüanslardı. Bakı səfərinə hazırlaşaq “Turan"ın futbolçularının zəhərlənməsini nəzərdə tuturuq. Tovuz təmsilçisinin rəsmi "feysbuk" səhifəsində paylaşılan xəbərə görə, ötən gecə komandanın bəzi üzvləri qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olunub və müalicə prosesi bitəndən sonra evə buraxılıb.

Hazırda isə bir neçə oyunçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir. Onların oyun saatına kimi tam sağalması sual altında olduğundan, həm PFL, həm də "Səbail"dən matçın vaxtının 2 gün sonraya, yəni martın 11-nə dəyişdirilməsi xahiş edilib. Lakin matçın "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanması nəzərdə tutulduğundan, mücadilənin başqa vaxta keçirilməsinin mümkünsüz olduğu bildirilib.

"Səbail" rəqib futbolçuların zəhərlənməsi xəbəriylə bəyanat yayıb: "Turan Tovuz"un qida zəhərlənməsi səbəbilə sağlamlıqlarında problem yaşanan oyunçularına şəfa diləyir və onların oyun saatına kimi tam olaraq sağalmasını arzulayırıq.

Klubumuz inanır ki, çempionatın hazırkı lideri və ən güclü komandalarından olan "Turan Tovuz"un heyətində bu oyunçuları əvəz edə biləcək bacarıqda oyunçular var. Komandamızın heyətində aparıcı oyunçularımız olan Eltun Yaqublu və Qvanzav Maqomedov "Turan Tovuz"la bu vacib oyunu buraxmalı olacaq. "Səbail" oyunun sağlam mübarizə şəraitində keçəcəyinə inanır və rəqibin zəhərlənmiş oyunçularına bir daha şəfa diləyir!".

Nədənsə inandırıcı görünmür. Yəqin edirik ki, "Turan"ın futbolçularının zəhərlənməsi barədə informasiyaların tez-tələsik mətbuata sızdırılması bağlı qapılar arxasında cızılmış "ssenari"nin bir parçasıdı. Fikir "Səbail"in qazanacağı qələbəyə don geyindirmək, Tovuz təmsilçisinin "xəstəxana olayı" üzündən uduzmasını ictimaiyyətə qəbul etdirməkdi.

Bu, köhnə "variant"dı. Media olaraq, bu kimi "tamaşalar"ı dönəm-dönəm izləmişik. "Turan"ın da, "Səbail"in də maliyyəsi AFFA/SOCAR-dan ayrılır. 3 xalın müqəddəratını bir zəng həll edir. Oqtay Abdullayev, yaxud Əsgər Abdullayev o cürətin yiyəsi deyil ki, "yuxarı"dan ötürülən siqnalı qulaqardına vursun. Dillərini dartıb boğazlarının arxasından çıxarar, 1 dəqiqənin içində işdən bayıra atarlar. Hələ bu nədi ki - ömürlük futboldan deport olunarlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti