Musa Qurbanov açıqladı: "Futbolçular mənə söz verdi ki…"

4 Mart 2017 13:59 I Divizion 823
Musa Qurbanov açıqladı: "Futbolçular mənə söz verdi ki…"

"Xeyli müddətdi planlaşdırdığımız iclası, nəhayət ki, keçirdik. Bir neçə saat çəkən toplantımız bütün məsələləri müzakirə etdik və hər şeyə aydınlıq gətirdik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

Gələn mövsüm Premyer Liqada çıxış etməyə ən layiqli namizəd olan əyalət klubu I Divizionun qalan hissəsini yüksək səviyyədə keçirməyi qarşısına məqsəd qoyub: "Mən nə fikirləşdiyimi iclasda açıq və ətraflı şəkildə izah etdim. Şaban Şirdanov qərar verməyi bizim öhdəmizə buraxdı. Baş məşqçi dedi ki, rəhbərlik nə qərar versə, mən razılaşacam.

Dedim ki, çempionatın ən qızğın vaxtıdı, indi məşqçi dəyişmək komandanı irəli aparmayacaq. Futbolçular da Şirdanovun postunda qalmasını xahiş etdilər, dedilər ki, son üç turda 1 xal toplamağımızın səbəbkarı bizik. Komandanın aparıcı üzvləri Tovuz, Şəmkir və Qusar səfərlərində zəif təsir bağışlamalarının səbəblərini söylədilər.

Onların da özlərinə görə arqumenti var. Dedilər, bu oyunları səfərdə, özü də olduqca bərbad meydançalarda keçirmişik. Tovuzda diqqətsizlik məğlubiyyətə səbəb olubsa, Şəmkirdə hakimin təyin etdiyi penalti komandanı ruhdan salıb. Mən özlərinə də çatdırdım ki, "Zaqatala" heyətinə görə divizionun ən güclülərindən biridi, zədəli futbolçuların olması, hətta kənar amillər də bizi yolumuzdan döndərməməlidi.

İnşallah, Hacı Əhmədov gələn tur meydançaya çıxacaq. Arzuman Nəsibov da tezliklə sıraya dönməlidi. Dedim ki, sizin maaşınızı kəsməyə mənim vicdanım yol vermir. İstəmirəm maaş günü gələndə pulunuzun yarısının cəriməyə getdiyini görəsiz. İstəsək, bir neçə nəfəri komandadan bu dəqiqə də uzaqlaşdıra bilərik. Amma mən bunu da etmək istəmirəm. Birinci divizionda oynamayan, komandadan kənarlaşdırılan futbolçunu kimdi yayda götürən?

Hamı evinə bir tikə çörək aparır. Başa saldım ki, bu, sizin sonuncu şansınızdı, çalışın özünüzü göstərin. İclas başlayanda futbolçuların üz cizgilərindən görürdüm ki, əhval-ruhiyyələri aşağıdı, ancaq söhbəti qurtaranda hamısında ruh yüksəkliyi yaranmışdı. Mənə söz verdilər ki, qarşıdakı turlarda mümkün qədər çox xal toplayacağıq və Premyer Liqaya vəsiqə verən iki yerdən birini tutacağıq.

İndi özüm də Zaqataladayam, komandanın gündəlik hazırlıq prosesinə şəxsən nəzarət edirəm. Zaqatala camaatının bizdən nə gözlədiyini yaxşı bilirəm. İnqilab Soltanov başda olmaqla, azarkeşlər hər gün gəliö məşqlərimizi izləyir, futbolçulara dəstək olur. Mən istəyirəm ki, komandamız qazandığı yaxşı nəticələrlə Zaqatala camaatını həmişə sevindirsin. Düzdü, bizi qınayan, başa düşməyən də var.

Deyirlər ki, daha sərt tədbirlər görməliyik. Bir dəfə gəlib oyunumuza baxmayanlar komandamızın içini bilmir, ona görə də bəzən vəziyyəti düzgün qiymətləndirmirlər. Mən onları da qınamıram. Azarkeş nəticəyə baxır. Daha orasını bilmir ki, hərdən niyə belə olur, səbəbi nədi. Bu işin içində bizik, bilirik ki, bu gün futbolçularla necə danışmaq lazımdı. Hər şeyin öz vaxtı var. Fikrimcə, komandamızda olan hər kəs öz məsuliyyətini bir daha dərk etdi və inanıram ki, biz bundan sonra ancaq yaxşı ntiəcələr haqda danışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti