“Rəvan” Tovuz səfərinədək ardıcıl 2 həftə qazandı. Bəhmən Həsənovun qvardiyası “Şəmkir”in ardından “Bakılı”nı da xalsız qoydu. “Sarı-qırmızılar” Misir Əbilovun komandasına divan tutdu. “Rəvan”ın 5 qoluna “Bakılı” 1 dəfə cavab verə bildi. "Turan" isə 5 cavabsız qolla seriyanın uzanmasını önlədi.
Bu nəticədən sonra “Rəvan” turnir cədvəlinin sonuncu pilləsindən “tərpəndi”. Əslində, 10-11-ci yerdə qərarlaşmalı olan, ancaq FİFA tərəfindən 9 xalı silindiyinə görə 13-cü olan Qaraçuxur təmsilçisi “Göyəzən”i “zirzəmiyə itələdi”.
Yaxınlarda məlumat vermişdik ki, ikinci dövrəyə 0-la başlayan "Rəvan" yeni sponsoruna qovuşub. Ancaq redaksiyamızda olan məlumata görə, "Nurgün" Şirkətlər Qrupunun sahibi Nuru Əliyev himayəsindəki kluba başqasının da maliyyə yardımı göstərməsinə razılaşıb.
"Ağ atlı oğlan"ın kimliyi də bizə məlumdu. Həmin şəxs yayda futbolçu karyerasını bitirən, hazırda isə "Qarabağ"da Qurban Qurbanovun məşqçilər korpusunda yer alan Namiq Yusifovun qardaşıdı. O, "Rəvan"ın oyunçularının bu ildən etibarən maaşlarını ödəməyi öz üzərinə götürüb. Həmçinin komanda yeni geyim dəstələri və inventarla təmin edib.
Bu sövdələşmə və detalları hələlik rəsmən açıqlanmır. Çün Nuru Əliyev narahatdı. Avtomobil salonları alıcı üzünə həsrət qalan tanınmış iş adamı dişi və dırnağıyla yaratdığı klubun çirkaba bulaşmasını istəmir. "Rəvan"ın adı oyun "alver"ində keçir. Təsadüfi deyil ki, UEFA-nın AFFA-ya göndərdiyi serkulyar məktubda "sığortaçılar"ın 7 futbolçusu yer alıb. ilk dövrədə "Rəvan"ın iştirakıyla baş tutan əksər qarşılaşmalar ciddi şübhələr yaradıb ki,
Avropa futbol qurumu da məhz elə bunu, gizli və açıq "totolizator şəbəkəsi"nə edilən pul qoyuluşlarını əsas götürüb. AFFA-nın yaratdığı xüsusi komissiya, düzdü, 2-3 aydı heç bir fakt tapıb ortaya qoymayıb və "Rəvan"ın 5 oyunçusunu "azad edib", ancaq Cəmşid Məhərrəmov və Elvin Əliyev hələ də "gözaltındadı".
"Şəmkir"ə qalib gəlməsi diqqətləri yenidən "Rəvan"ın üzərinə çəkib. Belə ki, Premyer Liqaya can atan əyalət təmsilçisi divizionun autsayderinə 1:2 hesabı ilə məğlub olub. Bu qarşılaşma xarici bukmeker kontorlarında canlı olaraq mərc həvəskarlarına təqdim edilib. Hesab 1:1 olarkən də "Rəvan"ın qələbəsinə verilən əmsal fantastik dərəcədə şişirdilib.
Belə ki, 80-ci dəqiqədən sonra bakılıların oyunu qələbə ilə başa vurması 47 (!) əmsala bərabərə olub. Əgər, bu dəqiqələrə qədər "Rəvan" hesabda geridə olsaydı, 47 əmsalın səbəbini başa düşmək olardı. Ancaq hesab 1:1 olarkən belə əmsal heç də diqqət cəlb etməyə bilməz. Və çox keçmədi ki, "sarı-qırmızılar" 83-cü dəqiqədə hesabı öz xeyirlərinə dəyişməyi "bacardılar". Bundan sonra isə autsayderin qələbəsi 1,30 əmsala düşüb və sona qədər də belə davam edib.
Bildiyimizə görə, xoşagəlməz xəbər dalğası N.Əliyevi hərəkətə gətirib. Futbola şəxsi vəsaitini yatırmış azsaylı iş adamlarından olan "Nurgün"ün sahibi Bəhmən Həsənova barmaq silkələyib. O, baş məşqçiyə "eşidib bilsəm ki, bu işin başında sənsən, məndən incimə" mesajı göndərib. Eyni zamanda "Mən futbolun vurğunuyam, bu sahəyə təmənnasız gəlmişəm. İndi isə qoymaram ki, kimlərsə "Rəvan"dan öz maraqları üçün istifadə etsin" dediyi bizə gəlib çatıb.
SPORTİNFO.AZ

