"Şəmkir"in Qəhrəman Əliyevlə vidalaşmasından 2 tur keçib. Qərb təmsilçisi evdə "Zaqatala"ya 2:1, səfərdə "Şərurspor"a 4:0 qalib gəlib. İlkində Mehman Yunusov komandanı meydana çıxarmışdısa, ikincidə görəv başını Badri Kvaratsxeliya kəsdirmişdi. "Qırmızı-ağlar"ı bundan sonra meydana gürcü çıxaracaq.
Onunla anlaşma "mən bu komandanı çempion edəcəm" vədinin üzərindən baş tutub. Sövdələşmənin birinci mərhələsinə apreldə yekun vurulacaq ki, Badrinin həmin tarixədək yeni postunda duruş gətirib-gətirməməsi sual altındadı. Ona çox yox, çox çətin olacaq. Əliyev kimi başıaşağı və sakit təbiətli mütəxəssis Elvin Səfərli ilə yola gedə bilmədisə, Badrinin nə zillət çəkəcəyi bir fələyə məlumdu!
Dəymişi qala-qala kalı töküləcək. "Şəmkir" növbəti turda "Turan"un qonağıdı və işdi, Tovuzda müsbət nəticə əldə olunmasa, yeni baş məşqçinin qara günləri başlayacaq. Çox da ki, klub prezidenti onun işinə qarışmayacağını, daha doğrusu, müdaxilə etməyəcəyini vəd verib. Nə olsun, həmin vədlərin 100-ünü də Əliyev eşitmişdi. Demək asandı, əsas o sözün, vədin arxasında dayanmaqdı, baş məşqçinin ayağını yerə verməməkdi.
Bu mövsüm "Şəmkir"in bir oyununu canlı izləməyənlər, fil qulağında yatanlar Badrinin təyinatı haqda boş-boş, reallıqla uyuşmayan proqnozlar səsləndirir. Ay belə olacaq, ay elə olacaq, ay batacaq, gün çıxacaq, cart-curt…Səfərli futboldan, futbol idarəçiliyindən heç nə bilməyə-bilməyə özünü düha hesab edir, prezident kimi aparmır. Bunları biz görürük, bilirik, eşidirik. Məmləkətin bunları bilməsinə və eşitməsinə isə az qalmayıb. Badri xəstə olan övladına xatir (Allah şəfasını versin!) bir müddət susa, səsini içində uda bilər, "Şəmkir"də bir başqası, başqaları tapılacaq ki, açacaq sandığı, tökəcək pambığı…
I Diviziona ən çox diqqət ayıran sayt Sportinfo.az-dı. Elə gün olmaz ki, saytımızda müxtəlif aşağı dəstə təmsilçilərinə aid xəbərlər, yazılar getməsin. Redaksiyamızdan diqqət görənlərdən biri də "Şəmkir"di. Bəs klubun mətbuat xidmətinin katibi Ergün Seyid neyləyir? Qəhrəman Əliyevin ayağının altını qazanların cərgəsində səf tutan Seyid Sportinfo.az-ın da əleyhinə təbliğat aparır.
Əsl "Şəmkir"lilərin qələmə aldığımız obyektiv yazılara rəğbətlə yanaşdığını bildiyi halda, bir qrup "azarkeş"in adından saytımızın "feysbuk" səhifəsinə hücumlar təşkil və idarə edir. O, bizim üçün heç kimdi. Milçəyin mahiyyəti bir şey olmasa da, ürək bulandırır, sadəcə. Yerli İcra Hakimiyyətində çalışan qohumuna arxalanaraq elə düşünməyə başlayıb ki. dünya onundu, ağlından keçən hər şey bunluqdu. Biz, hələ ki, ona baş qoşmuruq. Təbii, bir yerədək.
SEYİD

