Ötən ilin yayında fəaliyyətə başlayan "Səbail"in I Divizionda işləri qaydasında gedir. Debütant 37 xalla turnir cədvəlinin 2-ci pilləsində məskunlaşıb. Qış fasiləsində heyətini xeyli gücləndirən komandanın bir neçə həftəyə "Turan-Tovuz"u zirvədən salacağını proqnozlaşdırmaq olar. Bu, oldu-olmadı, "Səbail" gələn "futbol ili"ni Premyer Liqada keçirəcək.
Rəşad Abdullayev klubun Müşahidə Şurasının sədri postundan getsə də, getməsə də. Sportifnfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, Rövnəq Abdullayev oğlunun "Səbail"dən ayrılmasını istəyir.
SİTAT: "Abdullayev Rəşada futbolda başqa vəzifə tapşırmaq niyyətindədi. AFFA-da 10 gündən artıqdı ki, bunun söhbəti gedir. İki-üç variant var, Rövnəq müəllim hansını seçsə, oğlu da o işi görəcək.
"Səbail" dağılmayacaq. Onların pulunu AFFA verir və bu, belə də davam edəcək. Lisenziyalaşdırma, demək olar, qurtarıb. Bəzi sənədlərin hazırlanması qalıb, bu da formal bir şeydi. Rəşadın başqa işləri çoxdu, "Səbail"lə məşğul olmağa vaxtı yoxdu. Burda bütün tapşırıqları Yusif Həsənov yerinə yetirir.
Klubun icraçı direktoru Elxan müəllimə (AFFA-nın baş katibi Elxan Məmmədov nəzərdə tutulur-red) yaxındı. Hər məsləhəti ondan alır. Çünki Rövnəq müəllim "Səbail"lə maraqlanmağı baş katibə tapşırıb. Bu da ən çox maliyyə məsələləri ilə bağlıdı. "Səbail"də ikinci söz sahibi Rəşadın yaxın qohumlarıdı".

