Qurbanov: "Baş məşqçini dəyişsəm, futbolçularda "panika" yaranacaq"

27 Fevral 2017 12:24 I Divizion 936
Qurbanov: "Baş məşqçini dəyişsəm, futbolçularda "panika" yaranacaq"

Ötən tur I Divizionda “Şəmkir” - “Zaqatala” qarşılaşmasına maraq daha böyük idi. Bu, ötən turda “Rəvan”a məğlubiyyətdən sonra baş məşqçi Qəhrəman Əliyevlə yollarını ayıran qərb təmsilçisinin çalışdırıcısı Mehman Yunusov üçün ilk sınaq idi. Şəmkirlilər iddialı rəqibini 2:1 hesabıyla yenməyi bacardı və 3-cü pillədəki mövqeyinə qayıtdı. “Şəmkir” məhz “Zaqatala”nı geri sıxışdırmağa müvəffəq oldu.

Şaban Şirdanovun komandası isə ikinci dövrəyə pis başlayıb. Zaqatalalılar qış fasiləsindən sonra keçirdiyi 3 oyundan 2-də məğlub olub. Özü də son 8 gün ərzində prinspial rəqiblərinə - “Turan Tovuz”la “Şəmkir”ə uduzublar. Bu gün isə şimallılar "Şahdağ"ın qonağıdı. Güclü qara görə təxirə salınan yeni ilin açılış turunun qarşılaşması "Zaqatala"nın çempionluq şanslarına birdəfəlik aydınlıq gətirəcək. Qusarda keçiriləcək matç eyni zamanda Şirdanovun gələcək aqibətini müəyənləşdirəcək.

Klubun prezidenti Musa Qurbanov "Şəmkir"lə görüşdən sonra saytımıza "Zaqatalaya gedəcəm. Hələ baş məşqçi ilə yollarımız ayırmamışıq. Amma ola bilər. Əvvəl istəyirəm ki, özüm bir komandayla görüşüm, yerində qərar verim. Hər halda belə getməz" açıqlaması vermişdi.

Ondan öncə isə "İkinci dövrə başlayanda ümumi iclas keçirdim və hamıya dedim ki, 3 tura filan qədər xal qazanmalısız. Xəbərdarlıq elədim ki, əgər bu öhdəliyi yerinə yetirməsəz, sərt tədbir görəcəm. Hələlik bu tədbirin nədən ibarət olduğunu açıqlamağım tezdi. Üçüncü oyun da keçsin, vəziyyətə baxacam" demişdi.

Son durumu öyrənmək üçün Musa bəylə yenidən əlaqə saxladıq: "Komanda bu gün səfərə çıxacaq. Fikirləşdim ki, onsuz da, dilxorçuluqdu, qabaqdan da "Şahdağ"la çətin oyun gəlir, bir az gözləmək məsləhətdi. Baş məşqçini dəyişmək bu dəqiqə komandaya yaxşı heç nə verməyəcək, futbolçularda "panika" yaradacaq. Son iki turdakı məğlubiyyətlərini səbəbini mən saytınıza açıqlamışam.

Aparıcı futbolçularımızdan Hacı Əhmədovla Arzuman Nəsibovun zədələnməsi birbaşa nəticələrə təsir edir. Qusardan qayıdandan sonra mütləq tədbir keçirib, qərarımı hamıya bildirəcəm. Açığı, Şaban müəllimin məşqlərindən, futbolçuların hazırlığından narazılığım yoxdu. Bizə isə nəticə lazımdı. Çempionatı ilk iki yerdən birində başa vurmalıyıq. Bu qədər gözləmişiksə, "Şahdağ"la oyunu da gözləməyimiz məsləhətdi".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti