I Divizionda növbəti baş məşqçi dəyişikliyi "Zaqatala"dan gələ bilər. Gələn mövsüm Premyer Liqada mübarizə aparmağı planlaşdıran şimal təmsilçisi son 2 turda məğlubiyyətlə üzləşib. Öncə Tovuzda "Turan"a 1:2 hesabıyla uduzan "yaşıllar" dünən də Şəmkir səfərindən xalsız döndü. Bu isə Şaban Şirdanovun ötən mövsümdən çalışdırdığı komandadan ayrılmasına ciddi təkandı.
Hazırda 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Zaqatala"ya yeni nəfəs lazımdı. Klubun prezidenti Musa Qurbanov bu turdan öncə saytımıza verdiyi açıqlamada demişdi: "İkinci dövrə başlayanda ümumi iclas keçirdim və hamıya dedim ki, 3 tura filan qədər xal qazanmalısız. Xəbərdarlıq elədim ki, əgər bu öhdəliyi yerinə yetirməsəz, sərt tədbir görəcəm. Hələlik bu tədbirin nədən ibarət olduğunu açıqlamağım tezdi. Üçüncü oyun da keçsin, vəziyyətə baxacam".
Budu, artıq qərar zamanıdı. M.Qurbanovun Sportinfo.az-a açıqlamasından: "Ya bu gün axşam, ya da sabah səhər Zaqatalaya gedəcəm. Hələ baş məşqçi ilə yollarımız ayırmamışıq. Amma ola bilər. Əvvəl istəyirəm ki, özüm bir komandayla görüşüm, yerində qərar verim. Hər halda belə getməz. Son iki turda çempionatın iddialılarına uduzmuşuq.
Tovuzda hesab 1:1 olandan və "Turan" 1 nəfər azlıqda qalandan sonra futbolçularımız böyük qüvvə ilə irəli atılıb, bir uşaq səhvindən də qapısında qol görüb. Dünən mən də Şəmkirə getmişdim. O meydançada futbol oynamaq olmaz. Asvaltda oynasaydıq, ondan yaxşı idi. Topla 1 metr hərəkət etmək mümkün deyildi. Hər iki komanda topu 60 metr oy anna vururdu, 60 metr bu yana vururdu.
Çempionat elə gedir ki, istənilən komanda istənilən rəqibinə qalib gələ bilər. Qabaqda oyunlar çoxdu, hər şey ola bilər. Baş məşqçini dəyişsək belə, məqsədimiz dəyişməyəcək. Birinci-ikinci yerlər uğrunda sonadək mübarizə aparacağıq. İtkinci dövrənin başlamasına az qalmış iki aparıcı futbolçumuzu itirdik. Hacı Əhmədovla Arzuman Nəsibovun zədələnməsi bizim üçün böyük itkidi. Maliyyə vəziyyətimiz elədi ki, hər mövqeyə 2 eynisəviyyəli futbolçu ala bilmirik. Hacıyla Arzumanın olmaması komandaya pis təsir edir".

