"Azərenerji"nin prezidenti Etibar Pirverdiyevin çətiri altında olan "Azenco" futbola yatırım qoymaq qərarına gəlib. Şirkət "Şahdağ"a Premyer Liqaya hazırlaşmaq tapşırıbı verib. Bu barədə Sportinfo.az-ı baş məşqçi Kamran Əlibabayev məlumatlandırıb:
"Komandamızın maliyyə vəziyyəti yavaş-yavaş düzəlir. O gün yanvarın maaşını almışıq. Köhnə borclar da hissə-hissə ödənilir. Fevraldan maaşı kartla verəcəklər. "Ekpressbank"da komandanın hər bir üzvünün adına hesab açılacaq. Şirkətdən bizə deyiblər ki, bundan sonra pul gecikməyəcək, vaxtlı-vaxtında hesaba köçürəcəklər.
Sosial müdafiə və vergiyə xeyli borcumuz var idi. 22 min manatını artıq ödəmişik. "Azenco"nun "Şahdağ"ı buraxmaq fikri yoxdu. Əksinə, deyiblər ki, gələn mövsüm Premyer Liqaya hazırlaşın. Əvvəl belə söhbət yox idi, təzəlikcə bizə xəbər göndəriblər. Tapşırıblar ki, indidən komandanı gücləndirməyə başlayın, istədiyiniz futbolçularla danışıqlar aparın.
AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirmək çətin deyil. Əsas maliyyə məsələsidi. "Azenco" da söz verib ki, maliyyədən narahat olmayın, lazımı qədər büdcə ayıracağıq. Qusar camaatı 10 ildi Premyer Liqaya həsrətdi. Birinci divizionda oynamaqdan yorulmuşuq".

