Bir neçə günlük qeyri-müəyyənlikdən sonra “Şəmkir”in yeni baş məqşçisi, nəhayət ki, bəlli oldu. Qərb təmsilçisi sükanı Badri Kvaratsxeliyaya həvalə edib. O, bu postda ötən həftə istefa verən Qəhrəman Əliyevi əvəzlədi. 16 turdan sonra hesabında 31 xal olan “Şəmkir” 3-cü pillədə qərarlaşıb və gürcü mütəxəssisin qarşısına çempionluq vəzifəsi qoyulub. Hər açıqlamaya "gələn mövsüm Premyer Liqada mübarizə aparmalıyıq" girişi ilə möhür vuran klub rəhbərliyi, yəqin ki, Badridən belə bir vəd alıb.
Sabiq hücumçu 1998-2005-ci illər aralığında “qırmızı-ağlar”ın şərəfini qoruyub. İndi "Şəmkir"in keçmiş şöhrətini geri qaytarmaq üçün əlindən gələni etməlidi. Bacaracaqmı? Gəlin, zamanı qabaqlamayaq. Futbolda hər şeyi görmüşük, bunu da görərik. Hər halda 52 yaşlı mütəxəssisin yeni işindən əvvəlki karyerası barədə fikirlərimizi artıq oxucularımızla görüşmüşük.
Heç bir yerli məşqçinin, hətta Böyükağa Hacıyevin çalışmaq istəmədiyi klubda Badrini asan səyahətin gözləmədiyi aydındı. Qonşu ölkədən növbəti dəfə Azərbaycana qayıdan Kvaratsxeliya sabah burdan da ayrıla bilər. "Şəmkir"in baş məşqçisi kim olur-olsun, o, hər dəqiqə özünü iynə üstündə oturubmuş kimi hiss etməlidi.
Klub prezidentinin xasiyyəti qəribədi: Çox dəyərli Elvin Səfərli səhər birini sükan arxasına əyləşdirir, axşam isə bir başqasının axtarışına çıxır. Qəhrəman Əliyevlə anlaşan, ona yüz cür vəd verən patronun Kamal Quliyevlə gizlicə anlaşması buna sübutdu. Əliyev kimi təcrübəli, adlı-sanlı mütəxəssis bu təhlükədən özünü sığortalaya bilmədisə, təcrübəsiz Badrinin görəcəyi günlərin qabaqda olduğunu təxmin etmək çətin deyil.
Q.Əliyev "Rəvan"a uduzduqları matçdan dəqiqələr sonra paltardəyişmə otağında təhqir olunub. Klub rəsmiləri futbolçuların gözü qabağında ona "dişlərinin dibindən çıxanı" söyləyib. Keçmiş baş məşqçiyə belə sözlər deməyə cəsarət edən idarəçilərin Badriyə nələr söyləyəcəyini göz önünə gətirmək olar. İstisna yalnız bir halda mümkündü: müqəvvalığa bəribaşdan razılaşıbsa. "Şəmkir"in köhnə talismanı bu vidə görmək istəməsək də…
SPORTİNFO.AZ

