"Zaqatala" rəhbərliyi şəhər stadionunun süni ot örtüyünün yenilənməsi üçün AFFA-ya müraciət edib. Bu haqda klubun prezidenti Musa Qurbanov Sportinfo.az-a məlumat verib. Onun sözlərinə görə, federasiyanın baş katibi Elxan Məmmədova ünvanlanan məktub müsbət cavablandırılıb:
"Qazona bir neçə ildi əl vurulmayıb. Ona görə də bəzi yerləri "yeyilib". Rezin dənəciklər səpilməlidi. Gələn mövsüm Premyer Liqada oynayacağıqsa, bu işə indidən başlamalıyıq. Odu ki, baş katibin adına məktub yazdıq. Elxan müəllim sağ olsun, AFFA-nın bu problemi aradan qaldıracağına söz verib.
Yaxınlarda AFFA-nın ayırdığı mütəxəssislər Zaqatalaya gəlməlidi. Stadionda başqa bir ciddi problem olmamalıdı. Əsas meydançadı. Özümüz də daxili imkanlar hesabına klubun şəraitini yaxşılaşdırmağa çalışırıq. Qazon isə elədi ki, 5-10 manata başa gəlmir. Xeyli pul lazımdı".

