"Qəbələ"nin futbolçuları Sərxanla maraqlandı, maddi köməklik göstərdi. "Qaradağ Lökbatan"dan da zəng vurmuşdular, dedilər ki, yardım edəcəyik" - bunu Sportinfo.az-a "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev deyib.
Şəmkir"lə görüşdə komaya düşən Sərxan Ağayevin artıq 2 dəfə əməliyyat olunduğunu bildirən çalışdırıcı futbolçusunun vəziyyətinə biganə qalmayanlara minnətdarlıq edib. AFFA-nın İntizam Komitəsi I Divizionda çıxış edən “Şəmkir”in futbolçusu Cəmil Hacıyevi bu səbəbdən cəzalandırıb. XV turun “Şahdağ”la matçında qırmızı vərəqə alan müdafiəçi bağışlanmayıb. Oyunun 66-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Cəmil 4 matçlıq kənarlaşdırılıb.
Ağayev Hacıyevin kobudluq etməsi nəticəsində huşunu itirərək yerə yıxılıb. Üz nahiyəsinə bilərəkdən vurulan dirsək zərbəsindən 2 dişi sındı və huşunu itirib. İlkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
3 saat huşsuz vəziyətdə qalan Sərxan rentgen müayinəsi və müalicə üçün Gəncə Mərkəzi Xəstəxanasına aparılıb. Klub rəhbərliyi onu Qusara gətirmək istəsə də, həkimlər Sərxanın uzaq yola çıxmasının tez olduğunu bildiriblər. Daha sonra o, ailə üzvlərinin istəyi və klub rəhbərliyinin razılığı ilə 1 gün Şəmkirdə yaxınlarının evində qalıb.
Ev şəraitinə buraxılan Sərxan hal-hazırda həkim nəzarəti altındadı. O, beyin silkələnməsi keçirməklə yanaşı, çənə nahiyəsi irinlə dolub. İk idişi sınıb, üçü yerindən oynayıb. Ön tərəfdən 5-6 dişi ciddi zədələnib. Başında hələ də ağrılar var. Müaliəcisi bir neçə həftə çəkəcək.
"Şəmkir" rəhbərliyi "Şahdağ"lı ilə əvvəl-əvvəl maraqlansa da, indi tamamilə unudub. Elə verdikləri vədi də. Əlibabayevin sözlərinə görə, qarşı tərəf Ağayevin müalicəsinə qara qəpik də ayırmayıb: "Eləmirlər, eləməsinlər. Canları sağ olsun! Belə görürəm ki, başqa klubların futbolçuları da Sərxana kömək göstərəcək. Bugünlərdə üçüncü əməliyyata getməlidi. Qusardakı klinikada olacaq əməliyyat. Qoy, bu da olsun qurtarsın, klinika ilə haqq-hesab edəcəyik".

