I Divizionda çıxış etmək istəyən klubun arxasında kim dayanıb?

22 Fevral 2017 13:12 I Divizion 1 139
I Divizionda çıxış etmək istəyən klubun arxasında kim dayanıb?

Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev "CBC Sport"da yayımlanan "Bizim Futbol" verilişində maraqlı açıqlama verdi. PFL şefi bildirdi ki, növbəti mövsümdən I Divizionda yeni komanda mübarizə aparacaq. Söhbət "Binə"dən gedir.

"Binə" hazırda həvəskarlar liqasında qüvvəsini sınayır. Turnir cədvəlində Sabunçu "Şəfəq"i ilə eyni sayda - 37 xala malikdi və şərikli liderliyi paylaşır. Komanda çempionatın son 2 turunu öz evində keçirəcək. Fevralın 26-da "Gənclik"İK, martın 5-də "Bayıl Rovers"lə qarşılaşacaqlar:

"İki gənc mənə yaxınlaşdı və belə bir fikirdə olduqlarını bildirdilər. Onlar "Binə" adlı komandanın I Divizionda mübarizə aparmasını istəyirlər. Məndən bunun üçün hansı sənədlar lazım olduğunu soruşdular. Cavab verdim ki, bank təminatını mənə təqdim edin, qalan sənədləri özüm təşkil edəcəm.

Əməkdaşımız Zamiq Hüseynova bu məsələ ilə bağlı xüsusi tapşırıqlarımı vermişəm. Binə qəsəbəsində AFFA-nın balansında olan stadion var. "Binə"nin ev oyunlarını həmin stadionda keçirməsi ilə bağlı AFFA-ya müraciət edəcəm. Həmin stadionun meydançası süni örtükdən olsa da, keyfiyyətlidi".

50 mindən çox əhalisi olan qəsəbənin komandaları hələ SSRİ dönəmindən müxtəlif yarışlarda iştirak edib. 1997-ci ildə yaradılan "Binə" əvvəl Bakı kənd və qəsəbə çempionatlarında yarışıdırsa, artıq bir neçə ildi həvəskarlar liqasında mübarizə aparır. Baş məşqçisi Məmmədəli Ağatalıbovdu. "Binə" ötən il qatıldığı yarışlarda 3 kubok qazanıb. Komandada müxtəlif yaş qrupundan olan futbolçular top qovur. Əsasını isə 1991-1992-ci il təvəllüdlü futbolçular təşkil edir.

2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsüylə AFFA tərəfindən Binədə stadion tikilib. "Bin"ə hazırda ev oyunlarını 600 tamaşaçı tutumuna malik bu arenada keçirir. Top və formanı özləri alırlar, nəqliyyat problemi isə... Əsas çətinlik digər Bakı kənd və qəsəbə komandalarında olduğu kimi bununla bağlıdı. Oyunlara öz pullarına gedirlər. Binə bələdiyyəsi ara-sıra kömək edir. "Ağsaray" restoranının müdiriyyəti də həmçinin.

Binədə heç bir məktəb və peşəkar klub olmamasına baxmayaraq, burda futbolçular yetişir. "Binə"də top qovan gənclərin yarısı binəlilərdi. Komandanın son illərdə həvəskarlar liqasında yüksək yerlər uğrunda mübarizə aparması da bu qəsəbədə potensial olduğunu göstərir. Bir neçə il öncə komanda tamamilə yerli futbolçulardan ibarət idi. Amma futbol sahəsində pul olmaması bu oyunçuların bir çoxunu komandadan didərgin salıb. Dolanışıq üçün başqa sahələrə üz tutublar:

Komandanın həvəskarlar liqasındakı oyunlarında 600 tamaşaçı tutumuna malik Binə stadionu demək olar, tam dolur. Oyunun keçiriləcəyiylə bağlı elan yerləşdiriləndə azarkeşlər daha çox gəlir. Hazırda Binə stadionunda Məmmədəli Ağatalıbovun rəhbərliyi altında iki yaş qrupundan ibarət komanda hazırlıq keçir. "Binə"nin aşağı yaşlılarında Ağatalıbova bir müddət öncəyə kimi "Bakılı"da top qovmuş Emin Mollayev kömək edir. Uşaq vaxtlarında 1 il Ukraynada, Valeri Lobanovski adına məktəbdə də məşq keçmiş Emin peşəkar karyerasında "Şuşa Qarabağ" və "Bakılı"da forma geyinib.

"Binə"nin uşaqlardan ibarət komandası bu mövsüm ilk dəfə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında çıxış edir: 2005-2006-cı il təvəllüdlü uşaqlar 16 komanda arasında 8-ci olub. U-12 liqasına və U-11 liqasına da komanda buraxacaqlar. "Qarabağ"ın əvəzedici heyətində çıxış edən Seymur Abdullayev "Binə"nin yetirməsidi.

Sportinfo.az-ın məlmatına görə, Xəzər İcra Hakimiyyəti "Binə"nin maliyyə məsələlərini həll etməyi öz üzərinə götürüb. Bank zəmanətini isə yerli iş adamlarından biri verməlidi. I Divizionda mübarizə aparacaq klub nə vəziyyətd olur-olsun, peşəkar status almalıdı. Qəsəbə təmsilçisi yaxınlarda Ədliyyə Nazirliyinə müraciət eləməyə hazırlaşır. "Binə"nin hələlik nə möhürü var, nə ştampı. Kağız üzərində fəaliyyət göstərməsələr də, AFFA onlara güzəştə gedir. Federasiya aşağı yaş qruplarının çempionatında iştirak üçün onlardan heç bir sənəd almayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti