Prezident "alverçi"ni "Şəmkir"in sükanı arxasına niyə gətirir?

22 Fevral 2017 10:00 I Divizion 1 287
Prezident "alverçi"ni "Şəmkir"in sükanı arxasına niyə gətirir?

Qəhrəman Əliyevlə vidalaşan "Şəmkir", deyəsən, yeni baş məşqçisini tapıb. I Divizionun üzvünü Badri Kvaratsxeliya çalışdıra bilər. Vaxtilə qırmızı-ağ formanı geyinmiş 52 yaşlı mütəxəssis danışıqlar aparmaq üçün bu gün Bakıya gələcək və görüşmələr müsbət nəticələnsə, onunla müqavilə imzalanacaq.

Azərbaycan millisində də çıxış etmiş Kvaratsxeliya 1998-2005-ci illərdə "Şəmkir"də oynayıb və 110 oyuna 51 qol vurub. O, ölkəmizdə "Qəbələ" və Standart"da köməkçi, "Turan"da isə baş məşqçi kimi çalışıb. Üç il öncə burdan gedən gürcü hazırda işsizdi və böyük ehtimalla, "Şəmkir" rəhbərliyinin irəli sürdüyü bütün şərtlərlə razılaşacaq.

Kvaratsxeliya Şəmkirdə hədsiz sevilir. Bu klubda 3 çempionluq qazanıb, "Şəmkir"in Çempionlar Liqasında mərhələ keçən ilk Azərbaycan klubu kimi tarixə düşməsində əvəzsiz rol oynayıb. "Skonto" ilə oyunlarda vurduğu qollarla azarkeşlərin ürəyində özünə taxt qurub. Onun adı gələndə "Şəmkir" tərəfdarı qeyri-ixtiyari olaraq ayağa qalxır.

Badri "Şəmkir"i necə, ayağa qaldıra biləcəkmi? Komandanın işləri yaxşı getmir. Çempionluq iddiasıyla yeni sezona start verən qərblilər hazırda lider "Turan-Tovuz"dan 8 xal geri qalır. Yaxın keçmişə boylansaq, gürcü mütəxəssisin ölkəmizdəki fəaliyyətinin uğurlu alınmadığını görərik. Çalışdığı əvvəlki klubların hamısından zəif nəticələrə görə uzaqlaşdırılıb. "Şəmkir" ona çox doğmadı, ancaq bu, fikirləşməyə əsas vermir ki, Kvaratsxeliya "şah əsəri"ni özünə doğma gələn məkanda yaradacaq.

Təcrübəsiz və xaraktercə "yarımcan"dı. Düşərgədə nizam-intizam yaratmaq həmişə onunçün problem olub. Futbolçularla dil tapmağa çətinlik çəkir. Bəzən kobud, bəzən yersiz ifadələrlə kollektivi özündən narazı salıb. Heç yerdə bayram aşını axıradək yeməyib. Elə bu da Badrinin dönüşünün "Şəmkir"ə müvəffəqiyyət qazandırma ehtimalını azaldır. Klubun prezidenti Elvin Səfərli yatıö yuxusunda da qızıl medal görür. Məğlubiyyəti heç cür içinə qəbul etdirməyi bacarmayan başqan, çətin ki, gürcünün sarı saçına və sarı qaşına aşiq olsun və dözsün. Səfərli futbol təsərrüfvatında yenidi, iddiaları yerə-göyə sığmır.

Yaxın bildiyi şəxslər, həmçinin AFFA və PFL rəsmiləri vasitəsilə günlərdi yeni baş məşqçi arayışına girən Elvin bəyin bir yerli namizədlə anlaşa bilməməsi düşündürücü məqamdı. Badrinin reputasiyasının korlanması, son vaxtlar barəsində mətbuatda yayılan şok məlumatlar, görünür, "Şəmkir"in prezidentinin vecinə də deyil. Ya da əhəmiyyət vermir. Dövrü mediada gürcü məşqçinin qeyri-leqal bukmeyker kontorları ilə "işbirliyi"ni ifşa edən bir çox xəbərlərlə rastlaşmaq mümkündü.

Qeyd olunur ki, Badri Gürcüstanda fəaliyyət göstərən "totolizator şəbəkəsi"nin Azərbaycandakı "distribüter"idi və əsasən I Divizionla bağlı çalışır. Belə ki, o, son 2-3 ildə dəfələrlə ölkəmizə gələrək, aşağı dəstə klublarının rəhbərləri və məşqçiləri ilə gizli anlaşma yapıb, onların kontorların nəzarətinə keçməsinə bir növ vasitəçilik edib. Divizion oyunlarının alınıb-satılma "əməliyyatı"nda birbaşa iştirakçı kimi adı hallanır.

Badri və onunla birgə bu işdə ismi keçənlərin heç biri indiyədək haqlarında səslənən iddialara reaksiya verməyib, səssiz qalıb. Çox qəribədi, hörmətli Elvin Səfərli "Şəmkir"i "alverçi" məşqçi ilə çempion etmək istəyir? Yoxsa bu da bir blefdi, əslində, prezidentin məqsədi başqadı? Hər halda Q.Əliyevin istefasına səbəb olan "Rəvan"la oyunda komandanın nümayiş etdirdiyi bərbad futbol da Badrinin təyinatının tezləşdirilməsindən ötrü idi?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti