"İnter"i maliyyələşdirməkdən imtina edən Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir sürpriz qərar verməyə hazırlaşır. ABB Zaqatala Olimpiya Kompleksinin stadionunu balansından çıxarır. Bu, AFFA-nın qarşı tərəflə apardığı danışıqlardan sonra mümkün olub.
Çoxfunksiyalı arena Zaqatalanın Qaladüzü ərazisində 2,3 hektar sahədə, tam yararsız vəziyyətə düşmüş keçmiş şəhər stadionunun yerində tikilib. Stadionun işçi layihə sənədləri "General Constuctions" şirkətinin sifarişi ilə Bolqarıstanın "Dyanamic Resorse" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
İnşaat işləri baş podratçı Xəzər Gənclərin Elmi–Texniki Yaradıcılıq Mərkəzi tərəfindən yerinə yetirilib. Yerli və xarici subpodratçı şirkətlərin də iştirak etdikləri tikinti işlərinə 2006–cı ildə start verilib və 2008–ci ilin avqustunda başa çatdırılıb. Kompleksin tikintisinə 10 milyon manat vəsait xərclənib.
Çox da böyük olmayan ərazidə UEFA–nın tələblərinə uyğun olaraq, beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün 3500 yerlik, o cümlədən, xüsusi qonaqlar üçün 181 yerlik birtərəfli tribunalar, ölçüləri 105×68 metr olan süni örtüklü əsas oyun, təbii örtüklü məşq meydançaları, müasir işıqlandırma qurğuları, elektron suvarma sistemləri, drenaj, yüngül atletika üçün qaçış yolları, elektron məlumat tablosu, əlillər üçün rampa və sanitariya qovşağı, biletlərin satış kassaları və yanğınsöndürmə maşınları üçün meydança, 300 kubmetrlik ehtiyat su anbarı, nasosxana və fərdi qazanxana tikilib istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı çərçivəsində ötən il Beynəlxalq Bankın problemli aktivlərinin bir qismi “Aqrarkredit” QSC-ə ötürülüb və bunun müqabilində ABB-yə 10 milyard manat likvid vəsait ayrılıb. Digər bir istiqamət kimi, Azərbaycan Dövlət Neft Fondu ötən il bankda 1 milyard dollar məbləğində depozit yerləşdirib. Bu ilin əvvəlində isə hökumət ABB-nin nizamnamə kapitalında iştirak payını artırıb.
Qalan problemli aktivlərin “Aqrarkredit” QSC-ə təhvil verilməsi müqabilində, banka açılacaq növbəti tranşın məbləğinin müəyyənləşdirilməsi yönündə iş gedir. İlkin hesablamalara görə, bu tranşın məbləği təxminən 3 milyard dollar olacaq. Bu, bankda 500 milyon manat məbləğində ehtiyatın kapitala qayıdışını təmin edəcək. Bu əməliyyatın 2017-ci ilin birinci rübündə həyata keçirilməsi gözlənilir.
Zaqatala stadionu ilə bağlı müəmmalar Cahangir Hacıyevin ABB-nın İdarə Heyəti sədri postundan uzaqlaşdırılmasından və bir müddət sonra həbs olunmasından sonra üzə çıxıb. Məlum olub ki, həm o, həm də yaxın dostu Dünyamin Xəlilov "Simurq" və digər vasitələrlə bankın kredit portfelini çapıb-talayıb. Arenaya sərf olunmaq adıyla bankdan külli miqdarda vəsait çıxarılıb. Eyni zamanda, burda rəhbər vəzifədə çalışanların adından bankda kredit kanalı açılıb, yenə milyonlarla manat götürülüb.
Odu ki, stadion hazırda "qaranlıq obyekt" kimi “Aqrarkredit”in kurasiyasına keçib. AFFA arenanın Gənclər və İdman Nazirliyinin balansına verilməsinə qarşı tərəfi razı salıb. Belə olan halda isə nazirlik sözügedən məkanı "Zaqatala"ya əmanət edəcək. Təbii, alqı-satqı olmayacaq, uzunmüddətli icarədən söhbət gedir. Federasiyanın bunda məqsədi I Divizion təmsilçisinin gələn mövsüm tam hazır vəziyyətdə Premyer Liqada iştirakını təmin etməkdi.
SPORTİNFO.AZ

