"Şəmkir"in baş məşqçisi olmaq istəyən(lər)ə 4 MƏSLƏHƏT

20 Fevral 2017 16:36 I Divizion 1 847
"Şəmkir"in baş məşqçisi olmaq istəyən(lər)ə 4 MƏSLƏHƏT

"Şəmkir" I Divizionun çempionluğu yolunda "Rəvan"dan şok bir zərbə aldı. Bayılda 1:2 hesabıyla uduzan qərb təmsilçisi lider "Turan Tovuz"un xal fərqini açmasına baxa-baxa qaldı. Nəticədə Qəhrəman Əliyevlə yollar ayrıldı. "Qırmızı-ağlar" yoluna Mehman Yunusovla davam edəcək. Əliyevin sabiq köməkçisi bu görəvi müvəqqəti daşıyacaq. Hər halda klubdan verilən son açıqlamalarda tezliklə yeni baş məşqçinin gətiriləcəyi bildirilir.

Redaksiyamızda olan məlumata görə, bu vəzifədə gözü olan çoxdu. Ən real namizəd Ağasəlim Mircavadovdu. Biz onunla bağlı xəbəri detaylı şəkildə, bütün detalları ilə 3 gün öncə oxucularımızın diqqətinə çatdırmışıq. Yunis Hüseynov, Arif Əsədov, Adil Mahmudov, Böyükağa Ağayev və başqalarının da adları çəkilir. "Şəmkir"dən dəvət almaq şansı olanlara bəzi məsləhətlərimiz var.

1. Hörmətli prezident Elvin Səfərli ilə ilk görüşdə açıq danışmalıdı. Başqanın ondan nə tələb etməsini öyrənməli və bunu bacarıb-bacarmayacağını özlüyündə dəqiqləşdirməlidi. Sifətinə ciddilik ifadəsi yazmalı, patronda "yumşaq adam" təəssüratı oyatmamalıdı. Hər şey burdan başlayır. Yalandan nələrəsə vəd verib, Səfərlinin başının altına yastıq qoymamalıdı. Onsuz da ayıq adamdı. Onda bir balaca zəiflik, nala-mıxa vurmaq görsə, gününü qara edəcək. Hər işinə qarışacaq. Heyət, taktika və transfer məsələlərində son söz onun olacaq. Bir oyun uduzdusa, gələn həftəyədək onu dindirib-danışdırmayacaq.

2. "Şəmkir"ə gec gəlib, tez getmək istəməyən mütəxəssis mütləq Ergün Seyidlə münasibətlərini yaxşı vəziyyətdə tutmalıdı. Ergün bəy yerli İcra Hakimiyyətinin rəsmi, klubun qeyri-rəsmi olaraq mətbuat xidmətinin şefidi. Rayon və klub rəhbərliyinə çox yaxındı. Fikri əsas götürülür. Yeni baş məşqçi çalışmalıdı ki, Seyid onda pis heç nə görməsin, yaxud bilməsin. Aranı düzəltsə, mediadan da dəstək alacaq. Qəhrəman Əliyev "Şəmkir"də işlədiyi müddətdə klubun rəsmi "face" səhifəsində onun haqda bir kəlmə də tənqidi status və şərhlərə rast gəlmədik. Kim yazırdı, 5-10 dəqiqə sonra fikirləri səhifədən silinirdi. Nə vaxt Əliyev getdi, o gündən bəri klubun sosial profili şərh bölümünü əleyhdarlarının üzünə açdı. Sən demə, Şəmkirin 99 faizi bu istefanı çoxdan gözləyirmiş. Boşalan vəzifədə özünü görənlər bu nüansı indidən diqqətə alsınlar. Gələcək mütəxəssis elə bilməsin ki, Ergün bəyin mediaya təsir imkanları aşağıdı. Əsla! O, hətta klub haqda istənilən xəbəri mətbuatda yerləşdirmək iqtidarındadı. Bu, hələ harasıdı…Hörmətli həmkarımız "Şəmkir"dən həqiqəti yazan media orqanlarına bəzi azarkeş profilləri vasitəsilə "səlib yürüşü" təşkil etmək gücünə malikdi.

3. Elvin Səfərlinin məsləhət-məşvərətçiləri çoxdu, onlardan biri də Vaqif Əliyevdi. Bu şəxs klubda icracı-direktordu. Vəzifəyə həssasdı. Heç vaxt baş məşqçiyə görə rəhbərin qarşısında çətin vəziyyətə düşmək istəməz. Çox ehtiyatlıdı. Komandanı kim təhvil alacaqsa, V.Əliyevlə münasibətlərinə sərhəd çəkməlidi.

4. Qəhrəman Əliyev vaxtilə burda çempionluq, müxtəlif əyarlı medallar qazansa da, özünü tribunaya istədə bilmədi. "Şahdağ"la matçda stadionu "Kamran, Kamran" sədası başına götürmüşdü. Yaxınlarda Qusar klubuna qayıdan Kamran Əlibabayev qısa bir zamanda yerli publikanın sevimlisi ola bilmişdi və budu, onu burdan gedəndən sonra da diqqətə layiq gördülər. "Şəmkir" tərəfdarı ilə "Şəmkir"di. Böyük futbol ənənəsi olan rayon əsl azarkeş ordusuna sahibdi. Ağasəlim Mircavadov 15 il əvvəl "Şəmkir"i çalışdıranda, stadionda iynə atılsaydı, yerə düşməzdi. Şəmkir camaatı futbolu gözəl bilir. Daim komandanın yanındadılar. Udub-uduzmasından asılı olmayaraq. Bütün varlıqları ilə "Şəmkir"ə bağlıdılar. Həqiqətən də yaxşı mənada qibtə olunası fanatları var. Yeni baş məşqçi "12-ci oyunçu"nun rəğbətini qazanmağa çalışmalıdı. Bu işi sonraya saxlamamalı, hesablaşmalı, gəldiyi gündən onlarla təmasa keçməli, ünsiyyət yaratmalı, dinləməli, nəzərə almalıdı.

SEYİD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti