"Şəmkir"də bu, nə özbaşınalıqdı belə? - VİDEO

14 Fevral 2017 17:24 I Divizion 1 463
"Şəmkir"də bu, nə özbaşınalıqdı belə? - VİDEO

AFFA-nın İntizam Komitəsi I Divizionda çıxış edən “Şəmkir”in futbolçusu Cəmil Hacıyevi cəzalandırıb. XV turun “Şahdağ”la matçında qırmızı vərəqə alan müdafiəçi bağışlanmayıb. Oyunun 66-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan Cəmil 4 matçlıq kənarlaşdırılıb. “Şəmkir” ona görə 320 manat cərimə ödəyəcək.

"Şəmkir"lə görüşdə "Şahdağ"ın hücumçusu Sərxan Ağayev üzücü hadisəyə tuş gəldi. Hacıyevin kobudluq etməsi nəticəsində huşunu itirərək yerə yıxıldı. Üz nahiyəsinə bilərəkdən vurulan dirsək zərbəsindən 2 dişi sındı və huşunu itirdi. İlkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıldı.

3 saat huşsuz vəziyətdə qalan Sərxan rentgen müayinəsi və müalicə üçün Gəncə Mərkəzi Xəstəxanasına aparıldı. Klub rəhbərliyi onu Qusara gətirmək istəsə də, həkimlər Sərxanın uzaq yola çıxmasının tez olduğunu bildiriblər. Daha sonra o, ailə üzvlərinin istəyi və klub rəhbərliyinin razılığı ilə 1 gün Şəmkirdə yaxınlarının evində qalıb. Ev şəraitinə buraxılan Sərxan hal-hazırda həkim nəzarəti altındadı və vəziyyəti yaxşıdı.

Bununla bağlı bəyanat yayan "Şəmkir" Hacıyevin Ağayevə bilərəkdən zərbə endirmədiyini iddia edib, onun futbola yad olan heç bir qeyri-peşəkar hərəkətə yol vermədiyi vurğulanıb. Özünü təmizə çıxarmaqdan başqa bir şey deyil bu. Kor kor, gör gör - "Şəmkir"in müdafiəçisi rəqibi zərərsizləşdirməyn başqa yolunu tapmayıb. PFL-in oyundan hazırladığı video-reportaj buna sübutdu. Bu çəkilişdən həm də başqa nəticələr çıxarmaq mümkündü.

Süjetdən görünür ki, baş hakim Kərim Kərimovun final fitindən sonra C.Hacıyev laynsman Rahil Ramazanova yaxınlaşaraq, onunla mübahisə edir, "əl-qol" ölçür. Yerli klub rəsmiləri və məşqçiləri bunu müşahidə etməklə kifayətlənir, biri yaxınlaşıb onu kənara aparmır. Hərə öz hayındadı. Kimi qələbənin sevincini yaşayır, kimi paltardəyişmə otağına tələsir, kimi soyuqdan donmuş halda nə edəcəyini bilmir.

Ötən yay "Sumqayıt"dan "Zirə"yə keçən, burda işi ehtiyat skamyada əyləşmək olan Hacıyev "Şəmkir"ə bu qış təşrif buyurub. Qısamüddətli burdadı, ancaq hərəkətlərindən sezmək olar ki, özünü komandanın yarısı hesab eləyir. Rəqibi vurması azmış kimi, hakimin üzərinə şığıyır ki, niyə mənə "qırmızı" vermisən? AFFA-nın İntizam Komitəsi 4 yox, 14 turluq cəza kəssəydi, onda başa düşərdi ki, elədiyi hərəkətin qarşılığı nədi.

"Şəmkir"də bu, nə özbaşınalıqdı belə? Qəhrəman Əliyev hara baxır, niyə baxır, nə üçün baxır? Əslində, futbolçularının davranışının korlanmasında ən az müqəssir baş məşqçidi. Klub rəhbərliyi Əliyevi yumağa döndərib. Görüblər ki, sakit adamdı, başının üstündən istədiklərini edirlər. Cəmil, yaxud "x" futbolçu kimdi ki, prezidentlə, köməkçiləriylə birbaşa əlaqə qursun, onlarla oturub-dursun?

Subardinasiya qaydaları hələ "Şəmkir"ə gəlib çatmayıb və ya gəlib çatsa da, işləmir. Cəmil kimisi fikir verir ki, rəhbər baş məşqçidən xəbərsiz, məsləhətləşmədən, rəyini soruşmadan ona yardımçı gətirir, hər gün bir mütəxəssislə danışıqlar aparır, istər-istəməz özünün də ayağı yer alır. Al, bu da sizə Premyer Liqadan dəm vuran "Şəmkir"!

SEYİD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti