"Neftçi"nin məşhur personası yalan vədlərdən bezdi - Getmək istəyir

16 Oktyabr 2023 10:40 I Divizion 2 017
"Neftçi"nin məşhur personası yalan vədlərdən bezdi - Getmək istəyir

Uzun illərdən sonra Azərbaycana qayıdan Aleksandr Jidkov ciddi problemlə üzləşib.

Vaxtilə «Neftçi»nin və millinin şərəfini qorumuş keçmiş qapıçı artıq Rusiyaya dönmək istəyir.

“İrəvan“da Nazim Süleymanovun qapıçılar üzrə köməkçisi işləyən mütəxəssis ona verilən vədlərin yerinə yetirilməməsindən bezib.

Belə ki, 3 aya yaxındır burada çalışan Jidkov hələ əməkhaqqı almayıb.

Üstəlik, o, hələ də bazada - “ASK Arena“nın ərazisində yerləşən yataqxana tipli binada yaşayır. Klub başbilənləri məşqçiyə şəhərin mərkəzində ev tutacağını desə də, sözünü tutmayıb.

Bir sözlə, Birinci Liqada mübarizə aparan komandada xaos yaşanır. Yayda müqavilə bağlayan futbolçular aylardır maaş üzünə həsrətdir.

Klub rəhbərliyi oyunçulara bir neçə dəfə məvaciblərin veriləcəyini bildirsə də, vədə əməl olunmayıb.

Çıxılmaz vəziyyətdə qalan futbolçular baş məşqçi Nazim Süleymanova giley-güzar edib.

Baş məşqçi bir qədər səbr etməyi söyləyib, oyunçuların israr etdiyini görüncə, onlara “kim oynamaq istəmir, qapılar açıqdır” cavabını verib.

Nəticədə futbolçular komandanın bugünkü məşqini boykot edərək məşqə çıxmayıb.

Maaşlar verilməyənə qədər heç kim məşq etməyəcək.

Növbəti mövümdə Premyer Liqada iştirak etməyi qarşısına iddia qoyan və bunun üçün ölkənin sayılıb-seçilən futbolçularını heyətinə toplayan “İrəvan” Birinci Liqada 4 turdan sonra topladığı 10 xalla liderdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti