Birinci Liqa klubundakı adların baxın! – Premyer Liqanın çempionları

25 Sentyabr 20:00 I Divizion 669
Birinci Liqa klubundakı adların baxın! – Premyer Liqanın çempionları

Birinci Liqada amansız mübarizəyə şahidlik edəcəyimiz bəllidir.

Rəqibləri “İrəvan”ı dayandırmaq üçün əlindən gələni edəcək ki, bu da səbəbsiz deyil.

Liqada debüt edəcək klub vaxtilə Premyer Liqada adından söz etdirmiş, müxtəlif titullar qazanmış futbolçuları heyətinə cəlb etməklə vahiməli görkəm yaradıb.

Növbəti mövsüm Premyer Liqada olmağı hədəf seçən “İrəvan” kifayət qədər tanınmış futbolçularla güclənib.

Mirabdulla və Mirsahib Abbasov qardaşlarını tanımayan yoxdur. Hər ikisinin yolu “Səbail”dən keçsə də, Mirabdulla “Neftçi”dəki, Mirsahib isə “İnter”dəki (indiki “Şamaxı”) çıxışları ilə tanınıb.

Birincinin 2021-ci ildə “ağ-qaralar”la ölkə çempionu adını qazandığını xatırladaq.

Fəhmin Muradbəyli də yaddaşlarda iz qoyanlardandır. Əsasən “Neftçi”də çıxışı ilə yadda qalan, 2021-ci ildə çempionluğu bayram edən heyətdə yer alan cinah yarımmüdafiəçisi Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Elşən Abdullayev bir vaxtlar ölkənin ən perspektivli futbolçularından sayılırdı.

“Neftçi”də parlayandan sonra Qurban Qurbanovun istəyi ilə “Qarabağ”a üz tutmuş, burada özünə yer edə bilmədiyindən “Zirə”yə icarəyə verilmiş, sonradan “Sabah”, “Səbail” və “Sumqayıt” şərəfini qorumuşdu.

Amansız zədələrin Elşənin karyerasına vurduğu zərbənin təsiri onu Birinci Liqaya göndərdi.

“Qarabağ”la iki dəfə çempion olmuş Cavid Tağıyev də karyerasını “İrəvan”da davam etdirəcək.

Tovuz futbolunun yetirməsi Premyer Liqada daha hansı komandalarda oynamayıb ki? AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”. Ötən mövsüm isə “Turan Tovuz”da yer alıb.

Premyer Liqada 160 oyunda meydana çıxmış Vüqar Bəybalayev də Birinci Liqada top qovmağı qərara alıb.

“Bakı”da yetişən, sonradan “Rəvan”, “Kəpəz”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Səbail” kimi komandalarda oynamış dayaq yarımmüdafiəçisi 2 il əvvəl Gürcüstan “Telavi”sində legioner həyatı yaşamışdı.

Yayda “Araz-Naxçıvan”ın düşərgəsində olan, lakin maddi planda razılıq əldə edə bilməyən Ruslan Hacıyev karyerasını “İrəvan”da davam etdirməyi qərara alıb.

Elitada “Qarabağ”lı kimi debüt edən cinah yarımmüdafiəçisinin Premyer Liqa karyerası “Səbail”dən ibarət olub.

Yolu “Qəbələ”, AZAL, “Zirə”, “Şamaxı” kimi komandalardan keçmiş daha bir futbolçu – Kamal Mirzəyev. Elitada 100-dən çox oyunda şans qazanmış yarımmüdafiəçi elitada özünə yer edə bilməyindən Birinci Liqaya üz tutub.

Siyahını yüksək liqa təcrübəsi olan Ədilxan Qarəhmədov, Asim Əlizadə, Arsen Abcabəyovla davam etdirmək olar.

Heyətdə iki legioner də var – Belarusdan olan qapıçı Andrey Sinenko və U-21 millimizin “Beşiktaş” yetirməsi olan sabiq üzvü Ege Atlam Adnan.

Siz deyin, bu komanda Birinci Liqanın çempionu ola bilməsə, nələr yaşanar?

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."