“Bu sözü eşidəndə, təsəvvür etməzsiz ki, özümü necə pis hiss edirəm”

5 Avqust 2021 17:40 I Divizion 602
“Bu sözü eşidəndə, təsəvvür etməzsiz ki, özümü necə pis hiss edirəm”

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov futbolçularına qarşı olan biganə münasibətdən şikayətlənib.

Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında bu barədə danışıb, millilərin məşqçilərinin onlarla maraqlanmadığını bildirib.

Onun sözlərinə görə, son mövsümdə I Divizionu gümüş medalla bitirsələr də, indiyədək heç bir oyunçusu yığmalardan dəvət almayıb.

Sitat: “Elə anlar olur, istəyirəm ki, nəsə deyim. Bəzən özümüzü saxlayırıq. Bəzən də adam utanır danışmağa. Fikirləşirəm ki, onların da o boyda dərdi var, qaldı bizim komandanın dərdinə şərik olmaqları.

Deyiləsi o qədər şey olur ki... Ən çox da diqqətdən kənarda qalma bizlərə pis təsir edir. Görürük ki, mətbuat bəzi klublara daha çox yer ayırır.

Ona görə də çox vaxt ürək sözlərimiz elə ürəyimizdə qalır. Qaralama kampaniyası aparanlar da var.

Bəzən futbolçulara deyirlər ki, nə var, Zaqatalaya gedirsiz, getməyin, orada elədir, orada belədir... Mənə çatmır da bu söhbətlər.

Özümüz də araşdırırıq ki, kim ortaya atır belə yalan söz-söhbətləri. Başqa futbolçularmı deyir onlara, dost-tanışlarımı deyir, yoxsa kimsə öz içimizdən... Bilmirəm də...

Düzdür, Bakıdan olan ffutbolçular rayon yerinə düşən kimi bir az çətinlik çəkir, amma maaşımız vaxtlı-vaxtında verilir, stadionumuz, bazamız yaxşı vəziyyətdədir.

Biz bura gəzinti üçün uşaq gətirmirik. Onlardan istədiyimiz odur ki, başlarını aşağı salıb, sakitcə öz işləri ilə məşğul olsunlar, futbollarını oynasınlar, getsinlər qabağa.

Məni ən çox narahat edən məsələlərdən biri də komandamızdan heç bir futbolçunun millilərə çağırılmamasıdır. Divizionda ikinci yer tutmuşuq, bir nəfərimizə də millilərdən dəvət gəlməyib.

Demirəm, komandaya götürsünlər, “onbirlik”də oynatsınlar. Ən azından, baxışa çağırıb, yoxlaya bilərlər. Onu da yola vermək üçün yox, çiddi şəkildə.

Qoy, uşaq da bilsin ki, millinin məşqçilərindən ona diqqət var. Mən o məşqçilərin heç birini bir dəfə Zaqalalaya gəlib, oyunumuza baxan görməmişəm.

Axı “Zaqatala”da milliyə dəvət almağa layıqli futbolçular var da... Bu uşaqlar da onu gözləyir, onun üçün çalışır.

Gəlib bizə deyirlər ki, ay müəllim, onsuz da, “Zaqatala”dan milliyə heç vaxt heç kimi çağırmırlar. Bu sözü eşidəndə, təsəvvür etməzsiz ki, özümü necə pis hiss edirəm.

Çempionluğa oynayanb komandadan yəni 1-2 nəfər də baxışa layiq bilinmədi? Mən sabah bu uşaqlara nə deyim, onlara nə cavab verim?

Axı həvəsdən düşürlər, rayon komandalarının heç kimi maraqlandırmadığını deyirlər. Hər dəfə demək olmur ki, Bakıdan uzaqda yerləşmişik, göz qabağında deyilik.

Əslində isə birinci elə rayon komandaları millilərin məşqçilərinin nəzarətində olmalıdır. Zaqatala dünyanın o başı deyil ki..?

Hanı o seleksionerlər? Niyə gəlib baxmamalıdırlar ki? Biz də bir məşqçi kimi daim əziyyət çəkirik ki, futbolçularımız milliyə dəvət alsın.

Necə olur ki, bizimkilər başqa iddialı klublardan təklif alır, amma oradan yox? Bu kimi şeyləri görüb, hərdən yoruluruq, hərdən bezirik”.

Digər Xəbərlər
Xəbər Lenti