“Neftçi” ona yol tapa bilmədi, “Zirə”də ikinci oldu

29 Noyabr 2020 20:20 Zirə 630
“Neftçi” ona yol tapa bilmədi, “Zirə”də ikinci oldu

“Zirə”nin qapıçısı Mateus Albino Premyer Liqada ardıcıl 4-cü "quru oyun"unu keçirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı braziliyalı sonuncu dəfə oktyabrın 18-də “Sumqayıt”la səfər görüşündə (1:2) qol buraxıb.

Ardınca “Qarabağ” (0:0), “Səbail” (0:0) və “Sabah”la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan cənubi amerikalı sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb.

Bu səbəbdən ötən turun “Keşlə” ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını 11-ci turda davam etdirməli olub. “Neftçi” ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl 4-cü belə oyununu keçirib.

Bununla da braziliyalı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb. 2015/16 mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında “Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.

Albino “Zirə”də keçirdiyi 9 oyundan beşində qol buraxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti