Baş məşqçi ola bilməyən baş məşqçi

9 Mart 2020 11:34 Zirə 1 027
Baş məşqçi ola bilməyən baş məşqçi

Nəhayət, «Zirə»nin qaranlıq küçəsinə gün düşdü. Bunun üçün 4 tur gözləmli, məğlubiyyətlərə dözməli oldular.

Göründü ki, bu komandanın «qab»ı doludur, sadəcə, ondan düzgün istifadə şərtdir. Zaur Həşimov isə bu şərtə cavab vermir.

«Səbail» üzərində 3:1 hesablı qələbə «Zirə»nin güclü, baş məşqçisinin zəif olmasının isbatıdır.

Bunu 90 dəqiqə yox, bir saat da yox, Şafik Tiqrudja sübuta yetirdi. Hansısa oyun sistemindən bixəbər baş məşqçiyə o, çox şey izah elədi, göstərdi. İkinci hissədə meydana çıxandan sonra oyunun minvalını, sonluğunu dəyişməklə, qol vurmaqla.

Həşimov əlcəzairli yarımmüdafiəçini ehtiyatda əyləşdirməklə, «Zirə»yə xəyanət edib. Bu da bilindi, göründü.

Şafik komandanın orta sahəsinin ağası və «drijor»udur. Onun kimi legioneri, oyunu dərindən «oxuyan» birini yaşıl sahədən məhrum etmək günahdır və heyhat, Həşimovin bunu anlaması xeyli vaxt aldı.

Bəlkə heç hələ də anlamayıb. Ümumiyyətlə, Həşimov futbol haqda oxuduğu kitabların hamısını götürüb yandırsın. Etdiyi mütailə, aldığı təhsil ona heç nə verməyib və təbii ki, «Zirə»yə də nəsə qazandırmayıb.

Şafik oyunun rəngini və simasını dəyişməklə, baş məşqçisinə dərs verdi.

Verdi, düzdü, lakin Həşimovun bundan ibrət aldığını iddia etmirəm, hələlik gözləyirəm. Niyə ki, o, üçüncü dövrənin geridə qalan bütün turlarında hər cür hoqqa çıxarıb. Hər tur bir heyət oynadıb, əqlin rədd etdiyi ekspermentlər aparıb.

Bir sözlə, daim axtarışda olub. Fəqət nə axtarıb, kimi axtarıb, niyə axtarıb - naməlumdur. Ay zalım, Şafikin var da, velosiped kəşf eləmək nəyinə lazım idi?

Məşqçi o kəsə demirlər ki, ixtiyarında geniş futbolçu «hovuz» ola-ola nəticə versin. Məşqçi ona deyirlər ki, əlinin altında hətta balaca «göl» olmaya-olmaya komanda formalaşdırsın. «Səbail» fasiləyədək yaxaladığı qol epizodlarından insafsızcasına imtina etməsəydi, «Zirə»nin ardıcıl 5-cı məğlubiyyəti qaçılmaz idi.

Aftandil Hacıyevi görüb də, heç utanırmı Zaur Həşimov? İnanmıram. Mənə görə, bu hiss yerli-dibli onda yoxdur, olmayıb və olmayacaq. Meydanda ceyrantək süzən Şafikə tamaşa edib də, xəcalət təri axıtmayan Həşimova mən necə baş məşqçi deyim?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti