“Zirə” Premyer Liqanın cari mövsümündə öz meydanında məğlub olmayan yeganə komandadır.
Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi mövsümün 2025-ci il üçün geridə qalan dönəmində doğma arenasında keçirdiyi 9 görüşdə məğlubiyyət üzü görməyib.
Rəşad Sadıqovun yetirmələri 16-cı turda Zirə İdman Kompleksinin stadionunda “İmişli” ilə qolsuz bərabərə qalıb. “Zirə” cari mövsüm evdə 4 qələbə qazanıb, 5 dəfə isə rəqibləri ilə sülh bağlayıb.
“Karvan-Yevlax” isə evdə qələbə qazanmaq arzusunu 2026-cı ilə saxladı. Yevlaxlılar 16-cı turda “Neftçi”yə 1:2 hesabı ilə uduzdu.
Bu, Premyer Liqanın debütantının evdə 9-cu matçı idi. Yalnız 1-ci turda “Qəbələ”dən 1 xal alan “Karvan-Yevlax” sonrakı 8 ev qarşılaşmasının hamısında məğlub olub.
Çempionatın digər debütantı “İmişli” də evdə hələ ki, qələbə üzü görməyib. İmişlilər doğma arenadakı 7 görüşün 4-də heç-heçə edib, 3 dəfə (1-ci texniki yenilgi) məğlub olub.

