"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 13-cü turunda "Kəpəz"i məğlub etdikləri (2:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Asan görünən rəqiblə oyunda çətin qələbə qazandınız. Nələr deyə bilərsən?
- Bəli, çətin oyun keçdi. Ümumiyyətlə, hazırda çempionatda asan rəqib yoxdur. Gərgin matçlar keçir.
- "Sabah"a ağır məğlubiyyətdən sonra "Zirə" məğlub olmur. Baş məşqçi qısa müddətdə sizə necə təsir etdi, nələri dəyişdi?
- "Sabah"a məğlubiyyətdən əvvəl də uzun müddət idi uduzmurduq. Həmin görüşdə zədəli oyunçularımız çox idi və bu da öz təsirini göstərmişdi.
- "Qarabağ"ın Çempionlar Liqasında çox güc itirdiyini nəzərə alsaq, "Zirə"ni sona qədər çempionluq mübarizəsində görə bilərik?
- Bəli, "Qarabağ" iki yerdə mübarizə apardığı üçün daha çox güc sərf etməli olur. Biz də çalışacağıq ki, sona qədər çempionluq şansımız olsun.
- Növbəti turda da rəqib "Qarabağ"dır. Gözləntilərin necədir? Birinci dövrədə son dəqiqələrdə qələbə əldən çıxmışdı. Bu dəfə 3 xal əldə etməyə gücünüz çatar?
- Qarşıda iki ağır oyunumuz var. İlk növbədə "Neftçi" ilə oyuna hazırlaşırıq. Ümid edirəm ki, həm "Neftçi", həm də "Qarabağ"la oyunlardan sərfəli nəticə ilə ayrılacağıq.
- "Qarabağ"a kimi isə "Neftçi" ilə kubok oyunu var. Uğursuz mövsüm keçirən rəqib kubok yarışına son şans kimi baxır. Bu məqam sizi narahat edir?
- Kubok oyunları tam fərqli keçir. Əlbəttə, rəqib kubok oyununda daha ciddi olacağını bilirik. Biz də buna uyğun hazırlaşırıq.
- Bu mərhələdə 1 oyun olacaq və o oyunu evdə keçirəcəksiniz. Bunu üstünlük saymaq olar?
- "Neftçi" ilə görüşlərimiz olduqca maraqlı keçir. Görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir fərqi yoxdur.
XANOĞLAN İMANOV

