“Zirə” ölkə kubokunda parlaq qələbə ilə yarımfinala yüksəldi.
1/4 final mərhələsinin ilk matçında səfərdə “Səbail”i 2:1 hesabı ilə məğlub edən “qartallar” doğma meydanda darmadağına sevindi – 3:0.
Premyer Liqada 8 oyundur qələbənin nə olduğunu bilməyən zirəlilər ölkə kubokunda keçirdiyi üçüncü matçı da qalibiyyətlə başa vurdu.
“Zirə” öz azarkeşlərinin önündə sonuncu dəfə ölkə kuboku çərçivəsində “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etmişdi. Dekabrın 20-dəki görüşdən sonra Zirədə “Qarabağ”la “Sabah”a boyun əyən qəsəbə təmsilçisi hər iki halda yenilgi acısı yaşamışdı.
İki aya yaxındır doğma meydanda azarkeşlərinə qələbə sevinci yaşatmayan “qartallar” uğursuzluğa son qoydu.
Elə bunun nəticəsiydi ki, matç başa çatandan sonra fanatların sevinci yerə-göyə sığmırdı. Elçin Məsiyevin final fitindən sonra bir-birini təbrik edən azarkeşlər ardınca futbolçuları tribunanın önünə səsləyib möhtəşəm zəfəri birlikdə qeyd etdilər.
Həmin an kapitan Qismət Alıyevin və bir neçə yerli futbolçunun paltardəyişmə otağının yolunu tutması anlaşılan idi. İki gün öncə atasını itirən Alıyevin tullanıb-düşməsi məntiqə sığmazdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: