Bolqarıstan millisinin voleybolçusu Mariya Filipova Bakının "Telekom" klubundan ayrıla bilər. Sportinfo.az-ın "Report"un məlumatına görə, bu barədə 35 yaşlı idmançının özü Bolqarıstan mətbuatına açıqlama verib.
M.Filipova ayrılığa səbəb kimi "Telekom" klubunun taleyinin sual altında olduğunu göstərib. Paytaxt təmsilçisinin heyətində 2016/2017 mövsümünün qalibi olan legioner voleybolçu karyerası ilə bağlı yaxın vaxtlarda qərar verəcəyini söyləyib:
"Qızıl medal qazanmaq hər zaman gözəl hisslər bəxş edir. Son 7 ildə Azərbaycan çempionatının iştirakçısı olmuşam və bu, ilk titulumdur. Bu mövsüm qalib gəlməyi bacardıq. Lakin karyeramı Azərbaycanda davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm. Buradakı vəziyyət başadüşülən deyil. Növbəti mövsümdə ölkə çempionatının və klubun mövcud olacağını bilmirik".
2015-ci ildə Bolqarıstanın “Levski” klubundan “Telekom”a transfer olunan Mariya Filipova 2010 - 2014-cü illərdə Bakının “Lokomotiv” komandasında da çıxış edib.

