Ukraynada müharibə indi başlayır – Putin “zərərin yarısından qayıda” biləcəkmi?

2 May 2022 02:10 Voleybol 764
Ukraynada müharibə indi başlayır – Putin “zərərin yarısından qayıda” biləcəkmi?

Rusiya-Ukrayna savaşı 67-cı günə keçdi. Artıq aydındır ki, zaman bu müharibədə Kremlə işləmir.

Birinci o səbəbə ki, hələ də davam edən beynəlxalq sanksiyalar gözlənildiyi kimi, Rusiyanın iqtisadi dayaqlarını içindən yavaş-yavaş, labüd və geridönməz şəkildə “yeyir”.

Eyni zamanda, ağır canlı və maddi itkilərə məruz qalan rus ordusunun sürətli özünübərpasını və təzədən toparlanma prosesini ciddi şəkildə ləngidir.

Müharibə sözsüz ki, böyük xərcdir. Rusiya isə təkcə istifadə elədiyi bahalı raketlərin (onların toplam qiyməti milyard dollarla ölçülür!) yerini doldurmaqda maliyyə və texnoloji çətinliklərlə üzləşməkdədir. Buna paralel, işğalçı orduda döyüş ruhu get-gedə öləziyir. Çünki öyünüləsi böyük nəticələr, qələbələr yoxdur və üstəgəl, Rusiyanın yaxın və orta perspektivi çox qaranlıq görünür. Bütün bunlar total informasiya blokadasında saxlanılan Rusiya cəmiyyətinin ovqatına da gec-tez, mütləq yansıyacaq...

indir (7).jpg (63 KB)

Ukrayna üçün isə zaman ən əvvəl öz ordusunun döyüş qabiliyyətini və təcrübəsini artırmaq şansı deməkdir. 2014-cü ildən bu yana ölkə silahlı qüvvələrinin NATO standartlarına uyğun hazırlanması artıq öz bəhrəsini verib. Ukraynanın cəmi 2-3 günə ram ediləcəyi barədə Alyansın, Qərbin öz bədbin proqnozları belə, yaxşı mənada alt-üst olub.

Ukrayna ordusunun və xalqının inanılmaz əzmini, gündən-günə püxtələşdiyini görən NATO ölkələri, Yaponiya qismində Qərbin güclü tərəfdaş dövlətləri Kiyevə hərbi-texniki və iqtisadi-maliyyə dəstəyini birə-üç artırıb. Hazırda ukraynalı hərbçilər ən müasir NATO silahları və sistemlərinə yiyələnmək üçün ABŞ, Almaniya və Polşada intensiv təcrübə və təlimlər keçirlər. Yəni, əslinə qalsa, müharibə indi-indi başlayır.

indir (8).jpg (200 KB)

Rusiya bunun acınacaqlı nəticələrini bir azdan görəcək. Artıq uzaqmənzilli raketlər onun öz ərazisi üzərində uçuşur, sərhədyanı strateji obyektləri vurulur. Bu hələ başlanğıcdır. Bir çox müstəqil hərbi ekspertlərə görə, uzağı, 1-2 aya Ukrayna silahlı qüvvələri güclü əks-əməliyyatlara, əks-hücumlara başlayacaq. Üstəlik, bu savaşda Rusiya təkdir və faktiki dünyaya qarşı vuruşmaq, dirənmək zorundadır. Dünya ilə savaşda isə heç kimin qalib olmaq şansı yoxdur, o cümlədən 6 min nüvə başlığı olan Rusiyanın.

Baxın, 2-ci Dünya müharibəsi zamanı faşist Almaniyasının yenə İtaliya, Yaponiya kimi müttəfiqləri vardı. Amma 67 gündə Putini Kremldə marionet N.Paşinyandan savayı heç bir dövlət rəhbəri ziyarət eləməyib. İstisna yalnız Avstriya kansleridir ki, o da Putinə dəstək vermək üçün deyil, bəzi “mətləbləri” ona anlatmaq və özünün dediyi kimi, Kreml başçısının gözünün içinə baxmaq üçün Moskvaya getmişdi...

Azərbaycan xalqı və dövləti təbii ki, bu müharibədə haqlının – Ukraynanın tərəfindədir. Hər halda, işğalın, təcavüzün nə olduğunu kim bilməsə də biz yaxşı bilirik. Hələ də onun altını çəkirik. Ölkə başçısı İlham Əliyev bu ovqatı iki gün öncə ADA-kı beynəlxalq tədbirdə çıxışı zamanı ilk dəfə açıq dilə gətirdi. Ukraynaya işğalla heç vaxt barışmamağı, ilk növbədə öz resurslarına, öz xalqına güvənməyi məsləhət gördü.

indir (9).jpg (73 KB)

Bu həm də o deməkdir ki, Azərbaycana qarşı daim riyakar siyasət yürüdən, “ikili standart” yanaşmasını öz həyat tərzinə çevirən “demokratik” Qərbdən fərqli olaraq, biz bəşəri dəyərlərə əməldə də sadiqik. Təcavüzə məruz qalan ölkələri, qətlə yetirilən mülki əhalini, öldürülən uşaqları müsəlmanlara (Azərbaycan) və xristianlara (Ukrayna) bölmürük. Bu o demədir ki, işğalçı kim olur-olsun, Azərbaycan xalqının rəğbətinə ümid edə bilməz! Bu mənada Ukraynada Rusiyanın alacağı zərbədən şübhəsiz, işğalçı niyyətindən əl çəkmək istəməyən Ermənistana da pay düşəcək...

Əlbəttə ki, normal insan, normal xalq, ədalətli lider və dövlət işğalçıları, təcavüzkarları sevməz. Hətta qardaşın evinə girəndə də gərək ondan icazə alasan. Ruslar isə “qardaş” deyə-deyə, Ukrayna xalqı ilə çox aşağılayacı şəkildə davrandılar. Onu xalq yerinə qoymadılar. İcazəsiz “qardaşın” evinə soxulub heyrətamiz vəhşiliklərə qol qoydular. Odur ki, bədəli olacaq. Özü də ağır. Amma nə qədər gec deyil, onun miqyasını azaltmaq olar. Bilmirik, ruslarda “zərərin yarısından da qayıtmaq xeyirdir” məsəli var, ya yox. Keşkə, olaydı (musavat.com)...

Zahid SƏFƏROĞLU

Xəbər Lenti