Sərkisyanı qələbəsi ilə alqışlamağa məcbur edən... Azərbaycanlı

7 May 2020 12:16 Türkiyə 672
Sərkisyanı qələbəsi ilə alqışlamağa məcbur edən... Azərbaycanlı

“Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk və Avropa futbolunun ən məşhur simalarından biridir. Sərvət Çətindən danışırıq.

1981-ci il Türkiyənin İğdır şəhərində doğulan Sərvət Çətin əslən azərbaycanlıdır. Keçmiş futbolçu hazırda “Sivasspor” futbol klubunda baş məşqçi köməkçisidir.

1999-cu il iyulun 30-da “Kartalspor”un forması ilə peşəkar futbol karyerasında ilk addımlarını atmağa başladı. Üç sezon “Kartalspor”da oynadıqdan sonra “Göztəpə” və “Dənizlispor”un uğurları üçün tər tökdü. Transfer olduğu ilk sezonda “Göztəpə” ilə I Liqaya vəsiqə qazanan Sərvət Çətin 2002-ci ildə “Dənzilispor”un formasını geyinməyə başladı. 2002-2003-cü illər sezonunda “Dənizlispor”un UEFA Kubokunda ardıcıl keçirdiyi 4 oyunda Sərvətin də böyük əməyi vardı. Üçüncü turda Fransanın məşhur və köklü klublarından biri olan “Lion” qarşısında göstərdiyi performansla bu komandanın transfer siyahısına adını yazdırdı.

“Fənərbaxça” dönəmi

2003-2004-cü il sezonunda isə “Fənərbaxça”nın formasını geyindi, 2 dəfə Türkiyə çempionu olmağın sevincini yaşadı. Qısa vaxtda ilk 11-likdə özünə yer etməyi bacardı.

Oyunlardan birində aldığı zədə bir müddət matçlara çıxmasına mane oldu. 2006-2007-ci il sezonunu “Sivasspor”da keçirdi. Klubun müdafiəsində yer alan Sərvət Çətin həm də,bu komandanın kapitanı idi. Sərgilədiyi oyun nəticəsində Türkiyə milli komandasına cəlb olundu. Sonrakı sezonda isə artıq “Qalatasaray” Sərvəti öz rənglərinə bağlamışdı.

Sarı-qırmızı formada

2007-ci ildə “Qalatasaray”la müqavilə imzalayan Sərvət Çətin mərkəz müdafiəsində yer aldı. “Qalatasaray”dakı ilk sezonunda 61 rəsmi matçın 59-da forma geyinərək böyük bir uğura imza atan Sərvət sarı-qırmızılarla da, Türkiyə çempionluğunun sevincini yaşadı.

2009-2010-cu illər sezonunda Frank Rijkardla mübahisəsinə görə, heyətdən kənarda qalan Sərvət Çətin o dönəmdə Almaniya və Fransanın məşhur klublarının diqqətini çəkdi. Lakin 2010-2011-ci illər sezonunda yenidən “Qalatasaray”ın heyətində yaşıl meydanlarda göründü. Georgi Hacinin baş məqçiliyi altında klubda keçirdiyi 31 oyunda 5 qola imza ataraq, öz istedadını göstərdi.

2011-2012-ci illər sezonunda isə Fatih Terimin baş məşqçiliyi ilə klubdakı uğurlarını davam etdirdi. Uzun boyu (1.92 m.) sayəsində başla oyunlarda göstərdiyi performansları ilə diqqət çəkən futbolçu idi.

Sərvət “Qalatasaray”la imzaladığı müqavilə 2012-ci il mayın 31-da başa çatdıqdan sonra “Əskişəhirspor”un formasına geyinməyə başladı.

2014-2015-ci illər transfer dönəmində adı bir çox klubla anılan Sərvət Çətin Rza Çalımbayın baş məqçisi olduğu “Mərsin İdman Yurdu” ilə 1 illik müqavilə imzaladı. 2016-2017-ci illər sezonunda isə “Antalyaspor”un baş məşqçi postuna gətirilən Çalımbayın köməkçisi olacaqdı.

Millidəki karyerası

Azərbaycan əsilli oyunçunun Türkiyə milli komandasındakı karyerası da zəngindir. İlk dəfə 2003-cü ilin fevral ayında Çexiya ilə keçirilən matçda Türkiyənin U-21 komandasında forma geyindi. Türkiyənin əsas milli komandasındakı ilk qolunu 2007-ci ildə 2-2 hesabı ilə bitən Malta ilə matçda başla vurdu.

Türkiyə milli komandasında mərkəz müdafiəsində yer alırdı. O dönəmdə Sərvət Çətin öz mövqeyində Türkiyə millisinin dəyişməz oyunçusu idi. Türk millisinin 2008-ci ldə keçirilən Avropa Çempionatında qazandığı uğurlarında əsas pay sahiblərindən biri də məhz Sərvət Çətin idi.

İki dəfə U-17, iki dəfə U-18, 17 dəfə U-21, 67 dəfə də əsas milli olmaqla, ümumilikdə 89 dəfə Türkiyə komandasına çağırılıb.

Ermənistanla oyun

Əlbəttə Azərbaycan əsilli futbolçunun ən önəmli oyunlarından biri 2010-cu il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan millisinə qarşı keçirdiyi oyundur. 2009-cu ilin oktyabr ayında Bursa şəhərinin “Atatürk” stadionunda baş tutan matçda Türkiyə Ermənistan millisini 2-0 hesabı ilə İrəvana əliboş yola saldı. Oyunda vurulan iki qoldan birinin müəllifi məhz Sərvət Çətin idi. 29-cu dəqiqədə erməniləri məyus edən Sərvət bununla oyunda yekun hesabı müəyyənləşdirdi: 2-0.

Vurduğu qola görə arenada “sülh naminə” türk futbolçunu alqışlamağa məcbur olanlardan biri də, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan idi. Qarşılaşmanı arenadan izləyənlər arasında dönəmin Türkiyə Prezidenti Abdullah Güllə yanaşı, onun keçmiş həmkarı Serj Sərkisyan da vardı (teleqraf).

Mənsur Rəğbətoğlu

Digər Xəbərlər
Xəbər Lenti