Türkiyə Super Liqasının 29-cu turunda səfərdə “Rizespor”a 2:1 hesabı ilə məğlub olan “Qaziantep”in baş məşqçi Burak Yılmaz vəzifəsindən istefa verdiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında danışan mütəxəssis qərarını təsdiqləyərək bildirib ki, artıq vəzifəsini davam etdirməyəcək.
O, bu addımı həm şəxsi səbəblər, həm də Türkiyə futbolunda yaşanan problemlərlə əlaqələndirib.
Burak Yılmaz çıxışında Türkiyə futbol qurumlarına və hakim idarəçiliyinə sərt tənqidlər yönəldib.
O, xüsusilə Türkiyə Futbol Federasiyası və Mərkəzi Hakimlər Komitəsi ilə bağlı narazılığını dilə gətirərək, sistemdə ədalətsizliklərin olduğunu vurğulayıb.
Məşqçi bildirib ki, uzun müddət klub prezidenti ilə verdiyi sözə görə postunda qalıb, lakin artıq davam etməyin mümkün olmadığını düşünür:
“Mənə qarşı hörmətsizlik oldu, amma dözdüm. Prezidentimiz çətin əməliyyat keçirdi deyə burada qaldım. Artıq kifayətdir”
Yılmaz həmçinin bəzi oyunlarda hakim qərarlarının komandaya ciddi təsir etdiyini iddia edib. Xüsusilə “Kocaelispor”la oyunda haqsız şəkildə meydandan qovulduğunu qeyd edərək, bu cür halların komandaya qarşı təzyiq yaratdığını bildirib.
O, klubdakı maliyyə vəziyyətinə də toxunub. Onun sözlərinə görə, futbolçuların maaş və bonuslarının ödənilməsi üçün şəxsi fədakarlıqlar edib və özü, demək olar ki, maaş almayıb. Buna baxmayaraq, klub daxilindəki problemlər onu məyus edib.
Burak Yılmaz ikinci dönəmində “Qaziantep”in baş məşqçisi kimi 16 rəsmi oyunda komandanı meydana çıxarıb. Bu qarşılaşmalarda 4 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Komanda hər oyun üzrə orta hesabla 1.06 xal toplayıb.
O, ötən ilin dekabrında da vəzifəsindən istefa vermişdi.

