Türkiyə komandasının Kosovonu 1:0 hesabı ilə məğlub edərək, 24 ildən sonra DÇ-2026-ya vəsiqə qazandığı gecə qapıçı Uğurcan Çakır həm meydandakı vəziyyətdən, həm də milli formanı daşımağın mənasından danışıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonra Çakır meydança ilə bağlı belə deyib:
“Çətin meydança idi. Kosovo matçdan əvvəl meydançanı islatmadı, amma Allah yağış göndərdi”.
O, şəxsi hisslərini və qürurunu da bölüşüb:
“2002-ci ildə 6 yaşım var idi. İndi bu Dünya Kubokunda ölkəmizi təmsil etməyin qürurunu yaşayacam.
Allaha şükür. Həyatda ən vacib şeylər ailə və bayraqdır. Dünya Kubokunda bayrağımız, ailəmiz, ölkəmiz üçün əlimizdən gələni edəcəyik”.
Uğurcan Çakır 29-cu dəqiqədə Kosovo millisinin hücumçusu Fisnik Asllaninin qapıya gedən kəskin zərbəsini möhtəşəm reaksiya ilə kənarlaşdırmaqla komandasına önəmli nailiyyət qazandırıb.

