“Fənərbaxça”nın yarımmüdafiəçisi Fred qış transfer pəncərəsi bağlanmamış klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Voetbal International” məlumat yayıb.
“Ayaks” braziliyalı futbolçunun transferi üzərində fəal şəkildə çalışır. Niderland klubu 32 yaşlı yarımmüdafiəçi ilə bağlı razılaşmanı mümkün qədər tez yekunlaşdırmaq niyyətindədir.
Fred 2023-cü ilin yayından etibarən Türkiyədə çıxış edir. “Fənərbaxça” həmin vaxt onu “Mançester Yunayted”dən təxminən 10 milyon avroya transfer etmişdi.
O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 29 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

