
“Napoli”nin hücumçusu Viktor Osimhen “Qalatasaray”da qalmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.
Türkiyə klubu nigeriyalı futbolçunun tələb etdiyi 16 milyon avroluq illik maaşı ödəməyi qəbul edib. Bu səbəbdən, Osimhen karyerasını icarə əsasında çıxış etdiyi “Qalatasaray”da davam etdirmək qərarına gəlib.
Ancaq “Napoli” 26 yaşlı hücumçunu 75 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Klub bu məbləğdə təklif almasa, Osimhen iyulun 15-də və ya 17-də komandanın təlim-məşq toplanışına qoşulmalı olacaq.
Neapol təmsilçisi həmçinin, onun müqaviləsinin müddətini 2027-ci ilə qədər birtərəfli uzatma hüququnu aktivləşdirə bilər.
Osimhen satılarsa, “Napoli” onu əvəzləmək üçün “Liverpul”dan Darvin Nunyesi, “Udineze”dən Lorenso Lukkunu və ya “Çelsi”dən Nikolas Ceksonu transfer etməyə çalışacaq.
Osimhen son mövsümdə bütün turnirlərdə 41 oyunda iştirak edib, 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.