“Fənərbağça” komandası Sankt-Peterburqa keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, “bülbüllər”in rəhbərliyinin Rusiyadakı turnirə yollanmaq qərarı bir neçə futbolçunun hiddətinə səbəb olub.
“Fotosor” xəbər verir ki, "Fənərbağça"nın legionerləri, o cümlədən yeni oyunçu Edin Dzeko, dünyada və Rusiya daxilindəki siyasi vəziyyətə görə Sankt-Peterburqa getməkdən imtina edirlər.
Maraqlıdır ki, təxminən bir il əvvəl Bosniya və Herseqovina Futbol Federasiyası Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmək variantını nəzərdən keçirmişdi. Həmin vaxt Dzeko buna qarşı çıxmışdı.
İyulun 1-dən iyulun 15-dək Sankt-Peterburqda “PARI Premier Cup” beynəlxalq yoldaşlıq turniri keçiriləcək.
Builki futbol turnirinin iştirakçıları “Fənərbağça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubları olacaq.
Qarşılaşmalar Sankt-Peterburqda "Qazprom Arena" və "Smena" stadionlarında keçiriləcək.

