
"Biz gələn kimi stadiona öz adımızı vermədik".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
2023-cü ilin əvvəlində Tovuz təmsilçisini himayəsinə götürən iş adamı stadionun adı ilə bağlı danışıb:
"Kluba gələn sponsora bizim verdiyimiz vəsaitin onda biri qədər vəsait verməyi təklif etdik. Çox cüzi güzəştlərlə bir neçə paket hazırladıq.
Bir çox klublar bu yolu seçmirlər. Əsas şirkətlə yanaşı, başqa şirkət pul qoyur, amma əsas şirkət deyir ki, niyə mənimlə yanaşı, başqa şirkətin adı hallansın?
Biz isə bu ənənənin yaranması üçün çalışırıq, istəyirik. Biz gözləsək də, müraciət edən heç bir şirkət olmadı.
Bizim müraciət etdiyimiz bəzi şirkətlər var, danışıqlar gedir. Sahibkar dostlarımız var.
Biz istəyirik sadəcə, bu, təbii alınsın, könüllülük prinsipi ilə olsun. Onun da marağı olsun bu mövzuda.
Kim istəməz ki, şirkətin adı stadiona verilsin? Azərbaycan standartlarının altında bir paket təklif etdik.
Beş min manatlıq belə paket var idi. Təklif etsək də, alınmadı. Ümid edirəm ki, zamanla dəyişəcək.
Hazırda sponsorumuz var, amma sponsorsuz klublarımız da var. Zamanla onların da sponsorla təmin olunması sağlam rəqabətin olması üçün ən böyük diləyimizdir.
Eyni zamanda bunun markaya bir qatqısı var. Şirkətlərlə adımızın hallanması, reklam imkanları və s.
Elə görüntü yaranmasın ki, sponsor ancaq özünü düşünür. Qapılarımiz taybatay açıqdır, gözləyirik. Bu mövzu ətrafında çalışmalarimiz gedir.
Xüsusən qərb bölgəsindən olan sənətkarların diqqətini, marağını cəlb edəcəyik. Bu işlər bir mənbədən qidalanmaqla olmur".